Süni intellektlə qadınları şantaj edən şəxs SAXLANILDI
Hadisə
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb.
News24.az xəbər verir ki, bu barədə KMBİ məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 21 yaşlı Mirhüseyn Atakişiyev saxlanılıb.
Müəyyən olunub ki, M.Atakişiyev "TikTok", "Instagram" və "Telegram" sosial şəbəkələrindən qadınların foto və videolarını əldə edib. Daha sonra həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz yazılar əlavə edərək saxta hesablar vasitəsilə yenidən sosial şəbəkələrdə paylaşıb. O, foto və videoların daha geniş yayılmaması, həmçinin silinməsi müqabilində zərərçəkən qadınlardan müxtəlif məbləğlərdə pul tələb edib.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. M.Atakişiyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Bir daha bildiririk ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşdığınız hər bir foto və video müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və sui-istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara sosial şəbəkə hesablarında şəxsi foto və videolarını paylaşarkən son dərəcə diqqətli olmağı, şəxsi məlumatlarını və görüntülərini tanımadıqları şəxslərlə bölüşməməyi, şübhəli mesaj və təkliflərə inanmamağı tövsiyə edirik. Unutmayın ki, şəxsi məlumatların qorunması ilk növbədə hər kəsin öz məsuliyyətidir", - məlumatda qeyd edilib.