Təyyarə qəzası ilə bağlı dəhşətli İDDİA: - “Hücum raketlə bitməyib”
Hadisə
Xəbər verdiyimiz kimi, Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin hava hücumundan müdafiə raketinin səbəb olduğu təsdiqlənib. Hökumət mənbələri təyyarənin Qroznı səmasında Rusiya raketi ilə vurulduğunu bildirib. Bununla belə, raket təyyarəyə edilən yeganə hücum olmayıb. İddialara görə, təyyarə dənizə düşmək üçün elektron döyüş sistemləri ilə hədəfə alınıb, lakin pilotlar təyyarəni Aktau ərazisinə çatdıra biliblər.
News24.az bildirir ki, Azərbaycan Hava Yollarının 8432 saylı reysi çərşənbə günü səhər Bakıdan Çeçenistanın Qroznıya uçmasından sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hərbi ekspert Yan Matveyev təyyarənin "havadan müdafiə raketinə çox oxşar bir şey" tərəfindən zədələndiyini bildirib və "ciddi sübut olmadan başqa bir ehtimalı nəzərdən keçirmək çox çətindir" deyib.
Matveyev bildirib ki, raket “Pantsir S-1” kimi kiçik döyüş başlığı daşıyan sistemdən buraxılmış ola bilər.
Qəza ilə bağlı şərhlər Qroznı səmasında PUA hücumu zamanı Rusiya tərəfindən buraxılan raketin təyyarəyə dəydiyini bildirən hökumət mənbələrinə əsaslanır.
Mənbələr bildiriblər ki, qəlpələr təyyarənin yanından keçərkən partlayıb, sərnişinlər və kabin heyəti yaralanıb. Hadisə zamanı Ukrayna PUA-larının Çeçenistan səmasında uçduğunu təsdiqləyən Matveyev, "Rusiyanın hava hücumundan müdafiə sistemlərinin hücum təşkil etmə ehtimalı yüksəkdir" deyib.
Lakin Azərbaycan mediasının irəli sürdüyü iddialar Rusiyanı daha çox şübhə altına alır. Caliber.az xəbər saytının iddiasına görə, təyyarə vurulduqdan sonra Rusiyanın elektron döyüş sistemləri ilə hədəfə alınıb və GPS sistemi sıradan çıxıb.
Təyyarənin bu şəkildə hədəfə alınmasının səbəbinin təyyarənin dənizə düşməsinə səbəb olaraq bütün dəlilləri ortadan qaldırmaq olduğu iddia edilib. Təyyarənin Rusiya şəhərlərində enişinə icazə verilməməsi və nisbətən uzaqda olan Aktua istiqamətinə yönəldilməsi bu ehtimalı dəstəkləyir.
Eyni səbəbdən təyyarəni endirməyin son dərəcə çətin olduğu və buna görə də təyyarənin qəzaya uğradığı iddia edilib. Rusiya xəbər agentlikləri təyyarənin enişindəki çətinliyin səbəbinin “qəlpələr nəticəsində təyyarənin yanacağının sızması” ola biləcəyini bildirib. Lakin təyyarənin yerə toxunduqdan sonra partlaması bu ehtimalı aradan qaldırıb.
Kremlin sözçüsü Dmitri Peskov hadisədən sonra verdiyi açıqlamada “İstintaq tamamlanmadan hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı. “Heç kim belə spekulyasiyalar etməməlidir”, - deyə o bildirib.
Rusiya Mülki Aviasiya İdarəsi “Rosaviasia” bildirib ki, ilkin məlumatlara görə, təyyarə quşların toqquşması səbəbindən istiqamətini dəyişib.
Qazaxıstan hakimiyyəti də qəzanın səbəbləri ilə bağlı şərh verməkdən yayınıb və nəticənin istintaq tərəfindən müəyyən ediləcəyini bildirib.
Araşdırmanın nəticələri bu məlumatları təsdiqləsə, Rusiya qüvvələrinin ikinci dəfə kommersiya təyyarəsini vurduğu üzə çıxacaq. 2014-cü ildə Malayziya Hava Yollarına məxsus 17 saylı reysi Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən vuruldu və təyyarədə olan 298 nəfərin hamısı həyatını itirib.
Aynurə