Top ardınca qaçan uşaq həyatını itirdi - VİDEO

Top ardınca qaçan uşaq həyatını itirdi - VİDEO Hadisə

Noyabrın 22-si saat 13:00 radələrində, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarından birində, 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib.

Bu barədə News24.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi, sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açdı.

Uşaq və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işi görən, yaxud evinə tələsən əhalinin daha çox olduğu yaşayış zonlarında belə faciələr yaşanmasın deyə sürücü və piyadaların üzərinə qanunla nəzərdə tutulmuş konkret vəzifələr düşür.

Baş Dövlət Yol Polisi İdarəsi bütün tərəflərə, xüsusilə sürücülərə müraciət edərək, onları yaşayış zonasının sakitlik və təhlükəsizlik məkanı olduğunu unutmamağa, belə ərazilərdə ehtiyatla, piyadalara münasibətdə isə hər zaman ehtiramla davranmağa çağırır!