Türkiyədə meşə yanğınları ilə mübarizə: - 9 nəfər həbs edildi
Hadisə
Türkiyə meşə yanğınları ilə mübarizə aparır.
News24.az xəbər verir ki, Türkiyə Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı Karabükün Ovacık rayonunda meşə yanğınının nəzarət altına alındığını açıqlayıb.
İbrahim Yumaklı, "Hazırda bizi narahat edəcək heç bir yanğın yoxdur" deyib. O, aşağıdakı məlumatları verib:
“Manisa Gördesdə gecə soyutma işləri davam edəcək. Karabükdəki yanğın hazırda nəzarət altına alınıb. Muğla Yatağanda risk yoxdur, lakin ehtiyat tədbiri olaraq 3 kənddə 58 ev boşaldılıb".
Nazir Yumaklı Uşak Eşmədəki yanğının böyük ölçüdə nəzarət altında olduğunu, lakin soyutma prosesinin davam etdiyini, yekun məlumatı sabah verəcəklərini vurğulayıb.
Komandaların əzmlə mübarizə apardığını qeyd edən Yumaklı, "Cümə axşamı səhərindən bu saata qədər 109-u meşə, 138-i kənd yanğını olmaqla ümumi 247 yanğına müdaxilə edilib, 241-i nəzarət altına alınıb. 241 yanğını nəzarətə götürmək üçün bizə dəstək olan hər kəsə təşəkkür edirik" dedi.
Eyni zamanda, Ədliyyə naziri Yılmaz Tunç avqustun 12-17-də Türkiyənin 7 vilayətində baş vermiş meşə yanğınları ilə bağlı saxlanılan 22 nəfərdən 9-nun həbs edildiyini bildirib.
Nazir Tunç sosial media hesabından verdiyi açıqlamada 12-17 avqust tarixlərində Aydın, Muğla, İzmir, Manisa, Tunceli, Bolu və Uşakda baş verən meşə yanğınları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar barədə məlumat verib.
Meşə yanğınları ilə bağlı araşdırmaların vasvası və çoxşaxəli şəkildə aparıldığını vurğulayan Tunç, “Ümumilikdə 22 şübhəli saxlanılıb, şübhəlilərdən 9-u həbs edilib, onlardan 5-i barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb, 1-i isə sərbəst buraxılıb. 7 şübhəlinin saxlanma əməliyyatları davam edir” deyib.
Həyat mənbəyi olan meşələri qorumaq hər kəsin borcudur deyən Tunç, “Yanğınlardan zərər çəkən vətəndaşlarımıza bir daha keçmiş olsun deyirəm. Ölkəmizi qorumaq üçün fədakarlıqla çalışan bütün komandalarımıza uğurlar arzulayıram”.
Onu da qeyd edək ki, Azərbaycan Türkiyədə meşə yanğınlarının söndürülməsinə dəstək məqsədilə İzmirə “BE-200ÇS” amfibiya təyyarəsi göndərib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən göndərilən təyyarə yanğının söndürülməsinə başlayıb.
Günel Məlikzadə