Türkiyədə xəstəxanaya gedən avtomobil qəzaya düşdü: 3 nəfər həlak oldu

Türkiyədə xəstəxanaya gedən avtomobil qəzaya düşdü: 3 nəfər həlak oldu Hadisə

Türkiyənin Sivas şəhərində baş vermiş ağır yol-nəqliyyat hadisəsi bir ailənin faciəsi ilə nəticələnib.

News24.az xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində eyni ailədən olan 3 nəfər həyatını itirib.

Hadisə günorta saatlarında Sivasın mərkəzi rayonuna bağlı Tatlıcak və Herekli kəndləri arasındakı yolda qeydə alınıb. Məlumata görə, Beytullah Güllerin idarə etdiyi avtomobil yağış səbəbindən sürüşkən yolda idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı xəndəyə aşaraq ağaclara çırpılıb.

Qəza zamanı sürücü Beytullah Güller, onun atası Şükrü Güller və anası Menevşe Güller aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Məlum olub ki, Beytullah Güller xərçəng xəstəliyindən müalicə alan atası Şükrü Gülleri növbəti müayinə üçün xəstəxanaya aparırmış.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.