"Uşaqları dilənməyə məcbur edirlər" – Qonşular Tovuzdakı hadisədən danışdı
Hadisə
Tovuzda aztəminatlı ailənin 3 azyaşlı övladı uşaq evinə yerləşdiriləcək. Buna səbəb cütlüyün övladlara baxacaq vəziyyətdə olmamasıdır.
News24.az xəbər verir ki, ailənin qonşuları Dünya və Səxavət Kərimovalar valideynlərin azyaşlılara baxmaq iqtidarında olmadıqlarını bildiriblər:
"Uşaqların atası içki düşkünüdür. Ana isə həm eşitmə, həm də əqli qüsurludur. Onlar uşaqları diləndirirlər. Biz bununla bağlı Tovuz Rayon İcra Hakimiyyətinə də müraciət etmişik.
Ana uşaqları qovur ki, get, pul gətir, sənə yemək verim. Uşaqlar maşınlara girir, dilənçilik edirlər. Səfil halda yaşayırlar. Yemək-içməkləri yox, anası da hər gün onları döyür".

Qonşular bildirib ki, uşaqlar məktəbə də getmirlər:
“Bu uşaqlar yazıqdırlar. Nə məktəbə gedirlər, nə təhsil alırlar. Nəzarətsiz, baxımsız, səfalıt içində yaşayırlar".

Tovuz rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumun əməkdaşları ailəyə baxış keçiriblər. Məlum olub ki, azyaşlıların həmin ailədə yaşamaları həyati təhlükə daşıyır. 7,6 və 2 yaşlarında olan uşaqlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan isə bildirilib ki, azyaşlıların tibbi müayinəsi həyata keçirilib. Hər birinin vəziyyəti qənaətbəxşdir. Sosial Xidmətlər Agentliyinə məlumat verilib. Hal-hazırda Agentliyin əməkdaşı tərəfindən uşaqların müəssisəyə yerləşdirilməsi ilə bağlı qiymətləndirmə aparılır.