Xırdalanda qız üstündə dava: Söz atdığı üçün burnunu sındırdı

Xırdalanda qız üstündə dava: Söz atdığı üçün burnunu sındırdı Hadisə

Xırdalan şəhərindəki yaşayış komplekslərindən birinin həyətində yerləşən “Uğur” marketin qarşısında dava-dalaş olub.

News24.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Bərdə rayon Hacıallı kənd sakini İlkin Yusifov Məhəmməd adlı şəxsi döyərək xəsarətlər yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3-cü (Xuliqanlıq niyyətilə xəsarət yetirmə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, hadisə gecə saat 1-də baş verib. Həmin vaxt İlkin Aygünlə marketə daxil olub. Bu zaman Aygünü daha öncədən tanıyan Məhəmməd onların yanından keçərkən qıza söz atıb.

Həmin şəxsi marketdən kənara çağıran İ. Yusifov Məhəmmədə hücum edərək zərbələr endirib.

O, zərərçəkmiş şəxsin üz və baş nahiyəsindən yumruqla zərbələr vurub. Onu yerə yıxaraq bədəninə - bel, dirsək, diz nahiyələrini təpikləyib. Nəticədə zərərçəkmişə tənəffüs aktının pozulması ilə müşaiyət olunan burun sümüyünün yerdəyişən qapalı sınığı, sol üst və alt göz qapaqlarının, sol əlin İV barmağının qançır şişkinliyi, alın nahiyəsinin hematoması (dərialtına qansızması), üst dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları, sağ və sol dirsək, bel, sağ və sol diz nahiyələrinin sıyrıqları kimi dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərər vurub.

Ətrafdakı insanlar Məhəmmədi İ. Yusifovun əlindən alıblar.

Abşeron rayon Məhkəməsinin hökmü ilə İlkin Yusifova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Yaşar Araz