İtkin düşmüş balıqçının nəşi Azərbaycana gətirildi
Hadisə
İtkin düşmüş balıqçı Turan Həsənovun meyiti Azərbaycana təhvil verilib.
News24.az xəbər verir ki, dekabrın 19-da Xəzər dənizinin İran ərazisində naməlum şəxsə aid meyitin aşkar edilməsi barədə məlumat daxil olub. Aparılan araşdırmalar və geyim əlamətləri əsasında müəyyən edilib ki, tapılan meyit itkin düşmüş Astara rayonunun Şahağac kənd sakini, balıqçı, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənova məxsusdur.
Meyitin Azərbaycana təhvil verilməsi ilə bağlı qarşı tərəflə danışıqlar aparılıb və bu gün Turan Həsənovun nəşi ölkəmizə gətirilib.
Cəsəd daxili və xarici müayinələrin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Qeyd edək ki, dekabrın 19-da səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında digər balıqçı — 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun da meyiti tapılmışdı. Hər iki balıqçı dekabrın 9-da səhər saat 08:00 radələrində balıq ovu məqsədilə Xəzər dənizinə çıxmış və həmin vaxtdan itkin düşmüşdülər.
Aidiyyəti qurumların əməkdaşları tərəfindən onların tapılması istiqamətində 10 gün ərzində həm dənizdə, həm də havadan genişmiqyaslı axtarış-xilasetmə tədbirləri həyata keçirilib.
Yaşar Araz