1-3 hesablı məğlubiyyət: Azərbaycan millisində ümidlər tükənib?

1-3 hesablı məğlubiyyət: Azərbaycan millisində ümidlər tükənib? İdman

Ötən gün Azərbaycan milli komandası Fransa millisinə 3:1 hesabıyla məğlub olub və bu nəticə komandanın cari mövsümdəki uğursuzluq seriyasını davam etdirdiyini göstərir. Artıq demək olar ki, milli komanda bu mövsüm heç bir əhəmiyyətli nəticə qazana bilməyib, buna görə də azarkeşlər və ekspertlər gələcək perspektivlər barədə narahatdırlar. Maraqlıdır, Azərbaycan millisinin vəziyyəti gələcəkdə necə olacaq və komandanın inkişafı üçün hansı addımlar atılmalıdır?

Bu barədə News24.az-a açıqlama verən idman eksperti Anar Xanlarov bildirib ki, Fransa millisinə qarşı 1:3 hesablı məğlubiyyət normaldır:

"İndiki şərtlər altında bizim Fransaya qol vurmağımız da uğurdu. Ümumiyyətlə, bu qrupdan çıxmaq ehtimalımız öncədən də yox idi. Sadəcə, komandanı Millətlər Liqası üçün formalaşdırmaq lazım idi. Bu baxımdan Ayxan Abbasova şans verilməli, ona dəstək olmalı, şərait yaradılmalıdır. Onun rəhbərliyi altında ən azı döyüşkən milli gördük. Ukraynadan xal aldıq, həm Ukraynaya, həm Fransaya qol vurduq, bu kimi hallar cüzi də olsa, ümid işığı verir".

Anar Xanlarov həmçinin millinin qapıçısı Şahruddin Məhəmmədəliyevin açıqlaması ilə bağlı fikirlərinə də münasibət bildirib:

"Düşünmürəm ki, vəziyyət daha da pis olacaq. Bəli, ölkədə yaxşı futbolçu qıtlığı var, olanlar da öz klublarında az oynayırlar. Lakin bu vəziyyətdən də birlik göstərib çıxa bilərik. İddialı klublar bu baxımdan milliyə kömək etməlidir. Başa düşürəm, yüksək yerlər, avrokuboklar üçün oynayırlar, buna görə daha çox legionerlərə üstünlük verirlər. Heç olmasa şans vermədikləri gənc yerliləri ortabab klublara icarəyə verməlidirlər ki, həmin futbolçular daimi oynamaq imkanı qazansınlar".

Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev açıqlamasında vəziyyətin daha gərgin ola biləcəyini bildirmişdi.