“Araz-Naxçıvanda" baş məşqçi dəyişikliyi: Ekspertdən sərt sözlər

“Araz-Naxçıvanda" baş məşqçi dəyişikliyi: Ekspertdən sərt sözlər İdman

"“Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyinə ehtiyac yox idi. Yerli məşqçi öz işinin öhdəsindən lazımi səviyyədə gəlirdi. Məhz onun rəhbərliyi altında klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmış, hətta ilk cəhdində mərhələ də adlamışdı. Hazırda “Araz-Naxçıvan” 1–2 xal fərqlə avrokubok zonasında yerləşir. Mövcud vəziyyət klub üçün ciddi təhlükə hesab olunmurdu, çünki bundan yuxarı pillə artıq çempionluq mübarizəsidir və “Araz-Naxçıvan” hazırkı imkanları ilə çempionluq uğrunda mübarizə aparacaq gücdə deyil".

Bu sözləri “Araz-Naxçıvan” klubunun baş məşqçisinin dəyişdirilməsi barəsində News24.az-a açıqlamasında futbol eksperti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, “Araz-Naxçıvan”ın keçmiş baş məşqçisi Elmar Baxşıyev klub işlərinin öhdəsindən çox yaxşı gəlirdi:

“Çünki “Araz-Naxçıvan” qeyri-peşəkar klubdur. Onların məşq etməyə meydançaları, ofisləri belə yoxdur. Yəni havada olan bir qurumdurlar, futbol klubu kimi tam formalaşmayıblar. Bu halda Elmar Baxşıyevi göndərib yerinə heç kimin tanımadığı xarici məşqçini gətirmək növbəti bir yanlışdır”.

Futbol eksperti Kənan Məstəliyev

Ekspert ümumilikdə əcnəbi məşqçilərin gətirilməsində problemin olmadığını bildirib:

“Əcnəbi məşqçilər ölkəmizə gəldikdə dünya futbolunun yeni tendensiyalarını və biliklərini gətirir, Azərbaycan futbolunda tətbiq etməyə çalışırlar. Ölkəmizə balanslı şəkildə əcnəbi məşqçilər gətirilməlidir, ancaq yerli məşqçilərlə də davam etmək mümkündür. Lakin bu addımın “Araz-Naxçıvan”da atılması doğru deyildi”.