"Arsenal"ın sabiq futbolçusu karyerasını başa vurdu

"Arsenal"ın sabiq futbolçusu karyerasını başa vurdu İdman

Meksika millisinin sabiq hücumçusu Karlos Vela karyerasını başa vurub.

News24.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə şəxsi hesabında paylaşım edərək qərarını rəsmiləşdirib. O bildirib ki, karyerası ərzində bir çox xüsusi anlar yaşayıb, amma artıq peşəkar futbolçu kimi fəaliyyətinə son qoymağın vaxtı çatıb.

“Karyeram boyunca bir çox xüsusi anlar yaşadım, amma artıq peşəkar futbol karyeramı rəsmi olaraq başa vurmağın vaxtı gəlib.

Ailəmə, mənə şans verən bütün klublara və azarkeşlərə dəstəkləri və sevgilərinə görə təşəkkür etmək üçün sözlər yetməz. Təşəkkür edirəm. Bu karyeranı sizinlə bölüşmək mənim üçün bir şərəf və imtiyaz idi”, – deyə 36 yaşlı Vela bildirib.

Vela klub futbolunda ən çox oyunu “Real Sosyedad”ın heyətində keçirib – 250 matç, 73 qol. Həmçinin “Arsenal”da da 62 oyuna çıxıb və 11 qol vurub. 2019-cu ildə “Los-Anceles”in heyətində çıxış edərkən MLS-də müntəzəm mövsümün bombardiri olub (34 qol).

Vela Meksika millisində 72 oyun keçirib, 19 qol vurub və iki dəfə CONCACAF Qızıl Kubokunu qazanıb./Publika.az