"Bir-iki oyunda qalib gələndən sonra məğlub olmaq "Neftçi"yə yaraşmaz" - AÇIQLAMA

"Bir-iki oyunda qalib gələndən sonra məğlub olmaq "Neftçi"yə yaraşmaz" - AÇIQLAMA İdman

Martın 8 və 9-da keçirilən "Qarabağ" – "Araz-Naxçıvan" (6:0) və "Turan Tovuz" – "Neftçi" (1:0) qarşılaşmaları Misli Premyer Liqasının XXVIII turunun ən diqqət çəkən oyunları oldu. Bu matçlar həm çempionluq, həm də avrokubok zonası uğrunda mübarizədə komandaların hazırkı vəziyyətini bir daha nümayiş etdirdi.

Ağdam təmsilçisi "Qarabağ" bu oyunda rəqib üzərində tam üstünlük göstərdi. Komanda topa daha çox nəzarət etdi, hücumlarda aktivliyini qorudu və yaradılan qol imkanlarını effektiv şəkildə dəyərləndirdi. Hücum xətti mövsüm boyu olduğu kimi məhsuldar oyun sərgiləyərək liqanın ən güclü hücumlarından birinə sahib olduğunu təsdiqlədi.

"Araz-Naxçıvan" isə mübarizə aparsa da, xüsusilə müdafiədə buraxdığı səhvlər nəticəyə təsir etdi. Komanda bəzi hücum epizodları yaratmaqla yanaşı, stabil oyun nümayiş etdirə bilmədi ki, bu da güclü rəqiblərlə qarşılaşmalarda çətinliklər yaradır.

Turun digər diqqət çəkən matçı "Turan Tovuz" – "Neftçi" görüşü oldu. Gərgin və taktiki mübarizə şəraitində keçən oyunda meydan sahibləri minimal hesabla qalib gəldilər. "Turan Tovuz" bu mövsüm stabil oyun nümayiş etdirən komandalar sırasındadır. Əsas üstünlüklərindən biri nizamlı müdafiə və intizamlı taktiki oyunudur. Bu qələbə göstərdi ki, Tovuz təmsilçisi avrokubok yerləri uğrunda iddialıdır.

"Neftçi" isə mövsüm boyu qeyri-stabil çıxışı ilə diqqət çəkir. Bakı klubu bəzi oyunlarda yaxşı performans göstərsə də, nəticələrdə ardıcıllığı təmin edə bilmir və buna görə də turnir cədvəlində gözləniləndən aşağı mövqedə qərarlaşıb.

Oyunlarla bağlı News24.az-a danışan Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov bildirib ki, "Qarabağ" – "Araz" matçında Ağdam klubu layiqli qələbə qazanıb:

"Elə bil bir sindrom var. "Araz" heç vaxt "Qarabağ"a qarşı müqavimət göstərə bilmir. "Qarabağ" bu oyunda da layiqli qələbə qazandı".

"Neftçi" – "Turan Tovuz" qarşılaşması barədə danışan futbolçu bildirib ki, oyun çox ağır keçib:

"Qol imkanlarından kim istifadə etdi, qalib o oldu, bunu da "Turan Tovuz" etdi. Bu qələbə ilə Tovuz komandası Avroliqaya çıxmaq şansını artırdı. "Neftçi"nin vəziyyətinin isə nə vaxt düzələcəyini dəqiq deyə bilmirəm. Komanda hazırda istənilən səviyyədə deyil. Bir-iki oyunda qalib gələndən sonra məğlub olmaq "Neftçi"yə yaraşmaz. Məncə, komanda üçün zamana ehtiyac var. Yeni baş məşqçi birdən-birə hər şeyi dəyişə bilməz".

"İnanıram ki, "Neftçi" düzələcək. Komandanın heyəti və şəraiti pis deyil, azarkeşləri isə möhtəşəmdir. Ona görə hər şeyin yaxşısına nail olmaq üçün zamana ehtiyac var. Adaptasiya olmaq və komandanı öyrənmək vaxt aparır. Bəzi məşqçilər bunu daha tez bacarır, amma fərq olur. Bütün komandalarımıza uğurlar arzulayıram. Çempionat maraqlı keçir və çempionluq, avrokuboka çıxacaq komandalar vaxtından əvvəl müəyyən olmayacaq. Mübarizə son turadək davam edəcək", - deyə Ceyhun Soltanov qeyd edib. a