"Bu dəfə 0:5-lik aciz milli görməyəcəyik" - Ekspertdən iddialı proqnoz

"Bu dəfə 0:5-lik aciz milli görməyəcəyik" - Ekspertdən iddialı proqnoz İdman

Bu gün Azəbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçına çıxacaq. Ayxan Abbasovun komandası evdə İslandiya ilə qarşılaşacaq.

Eyni zamanda komandamızın üzvlərindən Elvin Cəfərquliyev sözügedən görüşdə iştirak etməyəcək. O, yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılıb. Həmçinin, kapitan Emin Mahmudovun da oyunu buraxması ehtimalı var.

Maraqlıdır, bu itkilər İslandiya komandasına qarşı oyunumuza necə təsir göstərəcək? Rəqibə qarşı qalib gəlmək şansımız varmı?

Bu barədə News24.az-a açıqlama verən idman eksperti Anar Xanlarov bildirib ki, Azərbaycan - İslandiya arasında olan matç olduqca çətin olacaq, amma eyni çətinliyi rəqibə də yaşadacağıq:

"Bu dəfə ilk oyunda 0:5 uduzan aciz milli görməyəcəyik, buna əminəm. Ən azı 1 xal götürəcəyik. Hətta qələbə də qazana bilərik. Düzdür, ciddi itkilərimiz var və seçim imkanı olmayan Ayxan Abbasov bu baxımdan çətinlik çəkəcək. Bununla belə, millimizdən əzmkar və döyüşkən oyun gözləyirəm və inanıram ki, bu əzmkarlığın hesabına itkilərimizi sığortalaya biləcəyik".

Anar Xanlarov eyni zamanda əsas heyətdən Elvin Cəfərquliyevin yoxluğuna dair də fikirlərini bildirib:

"Sözsüz ki, Elvin yaxşı futbolçudur, amma onun əsas heyətdə olmamasının ciddi bir təsiri olacağını düşünmürəm. Çünki Azərbaycan millisində o səviyyədə klas futbolçu yoxdur ki, onun yoxluğu ciddi mənada hiss olunsun. Əgər ümumi planda oyunumuz alınsa, heç kimin yoxluğu hiss olunmayacaq".

Xatırladaq ki, Azərbaycan millisi Fernandu Santuşun baş məşqçilik etdiyi dövrdə - sentyabrın 5-də İslandiya yığmasına səfərdə 0:5 hesabı ilə uduzmuşdu.

Millimiz daha əvvəl qrupakı oyunlarında Ukrayna ilə 1:1 hesablı heç-heçə edib, bu rəqibə 1:2 hesabı ilə uduzub və Fransaya 0:3 hesabı ilə məğlub olub.

Hazırda D qrupunun turnir cədvəlində Fransa 10 xalla liderdir. Ukrayna 7 xalla 2-ci, İslandiya 4 xalla 3-cüdür. Aktivində 1 xal olan Azərbaycan yığması isə 4-cü - sonuncu pillədə qərarlaşır.

Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək.