Domeniko Tedesko: “Hər görüşə final kimi yanaşırıq”

Domeniko Tedesko: “Hər görüşə final kimi yanaşırıq” İdman

"Fənərbağça" klubunun baş məşqçisi Domeniko Tedesko Avropa Liqasının 1/8 final mərhələsində Nottingem Forest ilə keçiriləcək ilk oyun ərəfəsində fikirlərini bölüşüb.

News24.az xəbər verir ki, "Can Bartu" məşq mərkəzində təşkil olunan mətbuat konfransında çıxış edən baş məşqçi komandasının yüksək ruh yüksəkliyi ilə hazırlaşdığını bildirib:

“Şanslarımızın nə qədər olduğunu demək çətindir. Bunun əhəmiyyəti yoxdur. Qalib gəlmək ehtimalımız 90 faiz olsa belə, yenə də sona qədər mübarizə aparmalıyıq. Bu göstərici 10 faiz olsa belə, yanaşmamız dəyişməyəcək. Hər görüş bizim üçün finaldır”, – deyə o vurğulayıb.

Tedesko rəqibin yaxın zamanda baş məşqçi dəyişikliyi etdiyini xatırladaraq bunun oyuna təsir göstərə biləcəyini qeyd edib: “Rəqibi təhlil etmək çətindir. Çünki yeni baş məşqçi ilə oyun quruluşu dəyişə bilər. Lakin futbolçular eyni qalır. Son günlər əsas diqqətimizi onların fərdi xüsusiyyətlərinə yönəltmişik”.

O, taktiki baxımdan komandalarının hər vəziyyətə hazır olduğunu deyib: “Rəqib əvvəl dördlü müdafiə ilə çıxış edirdi. İndi isə həm dördlü, həm də üçlü müdafiə sistemi mümkündür. Biz hər iki varianta uyğun hazırlaşmışıq”.

Qarşılaşma sabah keçiriləcək və tərəflər ilk oyunda üstünlük qazanmağa çalışacaqlar.