Evdə zəif, səfərdə güclü: “Qarabağ”ın ziddiyyətli oyununun SƏBƏBİ AÇIQLANDI
İdman
"Qarabağ" futbol komandası UEFA Çempionlar Liqasının "play-off" mərhələsində "Nyukasl Yunayted" ilə qarşılaşmada iki fərqli sima nümayiş etdirdi. İngiltərənin Premyer Liqasında iddialı mövqeyi, maliyyə gücü və heyət keyfiyyəti “sağsağanlar”ı istənilən rəqib üçün təhlükəli komandaya çevirir, “Sent Ceyms Park”ın möhtəşəm atmosferi isə bu klubun ən böyük üstünlüklərindən hesab olunurdu. Lakin həmin stadionda keçirilən cavab qarşılaşmasında tamam fərqli "Qarabağ" izlədik. İngiltərədə 3:2 hesablı məğlubiyyətə baxmayaraq, Ağdam təmsilçisi bu dəfə rəqib qapısından iki top keçirməyi bacardı. Komanda daha cəsarətli, daha istəkli və ən əsası, daha azad oynayırdı.
Bakıda baş tutan ilk görüş isə fərqli ssenari ilə yadda qalmışdı. "Qarabağ" matça istədiyi kimi başlaya bilmədi, erkən dəqiqələrdə üstünlüyü rəqibə verdi. İkinci hissədə oyunu bərpa etməyə cəhd göstərilsə də, yekunda 1:6 hesablı ağır məğlubiyyət qaçılmaz oldu. Bu nəticə "play-off" mərhələsinin taleyini demək olar ki, ilk oyundaca həll etmişdi.
Məhz bu ziddiyyət futbolsevərlərin ağlında bəzi suallar doğurur. Niyə eyni komanda səfərdə bu qədər əzmkar və cəsarətli təsir bağışladığı halda, doğma meydanda eyni ruhu sərgiləyə bilmədi?
"Qarabağ" - "Nyukasl Yunayted" oyununu News24.az-a şərh edən futbol eksperti Emin Abbasov bildirib ki, "Qarabağ"ın "Nyukasl"a qarşı birinci oyunu ilə ikinci oyunu arasındakı əsas fərq elə ümumi hesab idi:
"Aydındır ki, 5 top irəlidə olan rəqib daha rahat oynayacaqdı. İngiltərədəki oyunda "Nyukasl"ın matçın lap əvvəlində daha 2 qol vuraraq, hesab arasındakı ümumi fərqin 7-yə çatmasını nəzərə alsaq, elə sualın cavabını burada tapa bilərik. Həm də ilk oyunla müqayisədə, 4 qol vuran Qordon, ondan başqa Elanqa və Holl kimi futbolçulara da istirahət verilmişdi.
Təbii ki, nümayiş etdirilən əzmkarlığa görə "Qarabağ"a alqış düşür. Amma məsələlərə real baxsaq, "Nyukasl"ın da irihesablı üstünlük əldə etməsindən sonra daha rahat oynadığını və bunun bəzən səhvlərə gətirib çıxardığını deməliyik. Koxalskinin qurtarışları olmasaydı, "Qarabağ" qapısında bir neçə qol da görə bilərdi. "Qarabağ" ölkəmiz adına böyük işlər görür, yaxşı nəticələr qazanır, amma belə rəqiblərlə başabaş oynayacaq səviyyəyə uyğunlaşmayıb. Mənə elə gəlir ki, bunun üçün "Qarabağ" ardıcıl 3-4 mövsüm Çempionlar Liqasının əsas mərhələsində olmalıdır ki, bu cür sürətlərdə oynamağa alışa bilsinlər".
Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının "play-off" mərhələsində İngiltərənin köklü klublarından olan "Nyukasl Yunayted" ilə qarşılaşmada iki oyunun nəticəsinə əsasən 9:3 hesablı ağır məğlubiyyətlə turnirdə mübarizəni dayandırdı.