Genetika mifi, seleksiya problemi, yoxsa transfer qərarsızlığı? – Futbolumuzun görünən çatları
İdman
Ötən axşam UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Nyukasl” oyunu Ağdam təmsilçisinin məğlubiyyəti ilə başa çatdı. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
Xatırladaq ki, “Qarabağ” komandası Azərbaycan tarixində ilk dəfə UEFA Çempionlar Liqasının "play-off" mərhələsinə yüksələn komandadır. Bundan əvvəl də bir çox güclü rəqiblərlə qarşı-qarşıya gəlib. Lakin bu dəfəki rəqib – İngiltərənin köklü klublarından olan “Nyukasl Yunayted” sanki digərlərindən fərqlənirdi.
Oyuna baxdıqda futbolçular arasında fiziki güc və boy fərqi aydın hiss olunurdu. “Qarabağ” hücuma keçən zaman belə, rəqib komandanın oyunçuları topu asanlıqla geri qaytara bilirdi.
Bu oyundan sonra ictimaiyyətdə bir sıra suallar yaranıb: Nə üçün “Qarabağ” fiziki cəhətdən daha güclü və ya boyu daha hündür futbolçular transfer etmir?
Bu suala cavab kimi, əlbəttə, ilk olaraq klubun maliyyə imkanlarının məhdud olması göstərilir. Lakin ötən günlərdə “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl maliyyə məsələsinə aydınlıq gətirmişdi: “Avropada bir çox klubun büdcəsi bizdən çoxdur. 2000-dən çox klubun arasında "24-lük"dəyik. Bu, möcüzədir”, – deyə o qeyd etmişdi.
Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən idman eksperti Anar Xanlarov bildirib ki, ümumiyyətlə, biz istər milli, istərsə də klub səviyyəsində atletik baxımdan həmişə rəqiblərimizə uduzmuşuq: " Düzdür, bunu əksər vaxt genetika ilə bağlayırlar, çünki Azərbaycanda orta boy həddi elə də yüksək deyil. Amma bu, o demək deyil ki, bizdə 190 sm boyu olan insanlar yoxdur. Hər halda, basketbol üzrə Azərbaycan yığmasının mərkəz oyunçusu Aleksandr Rındin Avropada deyil, Sumqayıtda doğulub.
Sadəcə, bu məsələdə iş düzgün qurulmayıb, seleksiya prosesi düzgün aparılmır".
Ekspert həmçinin Tahir Gözəlində açıqlamasına aydınlıq gətirib: "O ki qaldı Tahir Gözəlin açıqlamasına, bununla bağlı hər dəfə müzakirələr gedir, amma dəyişən heç nə yoxdur. Hər dəfə Tahir bəyə sual verəndə deyir ki, problem yoxdur, Qurban hoca nə zaman istəsə və məsləhət bilsə, yeni oyunçu alınacaq.
Qurban Qurbanovdan soruşanda isə o bildirir ki, daim axtarışdadırlar. Belə baxanda, yeni transferlər də olur. Amma yaxşı bir hücumçu tapmaq həqiqətən də “Qarabağ” üçün problemə çevrilib. Bəlkə də tapırlar, amma düşünürlər ki, həmin qiymətə o futbolçunu Azərbaycan çempionatına gətirməyin mənası yoxdur".