Gözlənilməz İDDİA: Elvin Cəfərquliyev Azərbaycanı tərk edir, yoxsa “Neftçi”yə gedir?
İdman
Son günlər "Qarabağ" futbolçusu Elvin Cəfərquliyevin yay transfer pəncərəsində paytaxt təmsilçisi "Neftçi"yə keçəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Bu xəbərlər futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Cəfərquliyev Azərbaycan futbol tarixində UEFA Champions League-nin “play-off” mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu kimi adını tarixə yazdırıb. Ağdam təmsilçisi həmin mərhələdə İngiltərənin köklü klublarından "Nyukasl Yunayted" ilə üz-üzə gəlib və iki oyunun nəticəsinə əsasən 9:3 hesabı ilə məğlub olub. Buna baxmayaraq, müdafiəçi həm Bakıda keçirilən ilk oyunda, həm də səfərdə baş tutan cavab qarşılaşmasında fərqlənərək diqqət çəkib.
Belə perspektivli və inkişaf mərhələsində olan futbolçunun yüksəlişdə olan komandadan ayrılaraq başqa bir yerli kluba keçid ehtimalı suallar doğurur. Onun mümkün transferi nə dərəcədə realdır və bu seçim karyera baxımından necə əsaslandırıla bilər?
Bu barədə News24.az-a danışan idman eksperti Kənan Məstəliyev belə bir transferin reallaşmasını inandırıcı saymadığını bildirib:
“Cəfərquliyev artıq oyunu, bacarığı və istedadı ilə Azərbaycan səviyyəsini aşıb. Onun "Qarabağ"dan kənarda, xüsusilə də başqa bir yerli klubda oynamaq ehtimalını görmürəm. Hətta bir faiz belə bu ehtimalın olduğunu düşünmürəm. Bəli, futbolda hər şey mümkündür. Amma real yanaşsaq, bu variantın baş tutma ehtimalı çox aşağıdır.
Əgər o, "Qarabağ"dan ayrılacaqsa, bu, Azərbaycan klubu olmayacaq. Ən azından yaxın müddətdə yerli kluba keçid real görünmür. Onun real təklifləri var və daha ciddi təkliflər də ola bilər. Əgər yeni komandasında özünü əsas heyətdə görərsə, transfer baş tuta və ölkəni tərk edə bilər.
Bu səbəbdən hesab edirəm ki, qarşıdakı mövsümdə "Qarabağ"dan ayrılacağı təqdirdə, onu Azərbaycan klubunda görmək ehtimalı olduqca aşağıdır".