Hamını hiddətləndirdi: "Kimsə bu ədalətsizliyə "dur" deməlidir"
İdman
Ötən gün UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsi çərçivəsində Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Ayntraxt" matçı hakimin ədalətsizliyi ilə yadda qaldı. Belə ki, oyunu idarə edən baş hakim Sandro Şarer bir çox epizodda oyunçularımızın əleyhinə qərar verdi. Prezident İlham Əliyev də "Qarabağ"ı təbriki zamanı hakimin ədalətsizliyini xüsusilə vurğuladı.
Hakimin qərəzli qərarları barədə News24.az-a fikirlərini bölüşən futbol eksperti Kənan Məstəliyev qeyd etdi ki, hakimin qərarlarını birmənalı qəbul etmək mümkün deyildi:
"Bəzi epizodlarda bizə qarşı qərəzli yanaşırdı. Eyni zamanda rəqibin kobud olması futbolçularımızın oynamağına imkan vermirdi. Bununla yanaşı, Durana qarşı olan kobudluğa penalti təyin etmədiyi halda, bizim qapımıza penalti təyin etdi. Bir sözlə, hakimin qərarlarını birmənalı qiymətləndirmək olmaz".
Ekspert həmçinin oyun boyunca hakimin kobud səhvlərə yol verdiyini vurğuladı:
"Bunu yalnız biz yox, cənab Prezident İlham Əliyev də izləyirdi. Bu günə qədər Azərbaycan klublarına, xüsusilə də "Qarabağ" klubuna qarşı çox ciddi haqsızlıqlar olub. İstər səfər, istərsə də ev oyunlarımızda hakimlərin ədalətsiz qərarları ilə üzləşmişik. Hakimlərin bu ədalətsizliklərinə kimsə "dur" deməlidir".
Qeyd edək ki, isveçrəli baş hakim Sandro Şarer “Qarabağ”ın avrokuboklarda keçirdiyi bir neçə qarşılaşmada baş hakim olub. O, ilk dəfə 8 noyabr 2018-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Vorskla” – “Qarabağ” matçını idarə edib və həmin oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Sandro Şarer daha sonra 22 avqust 2019-cu ildə UEFA Avropa Liqasının "pley-off" mərhələsində baş tutan “Linfield” – “Qarabağ” qarşılaşmasında baş hakim olub. Həmin görüşdə “Qarabağ” 2:3 hesabı ilə məğlub olub.
İsveçrəli hakim “Qarabağ”ın növbəti oyununu 5 noyabr 2020-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində keçirilən “Sivasspor” – “Qarabağ” matçında idarə edib. Sözügedən qarşılaşma Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonuncu dəfə isə ötən gün keçirilən "Qarabağ" - "Ayntraxt" oyununda baş hakim rolunda çıxış edib. Oyun isə 3:2 Azərbaycan çempionunun qələbəsi ilə başa çatıb.
Eyni zamanda isveçli hakim indiyə qədər "Qarabağ" klubunun olduğu oyunlarda 7 sarı vərəqə göstərib.