Meydana çıxmadan tarixə düşdü
İdman
Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm mövsüm oyununda "Hyuston Rokets" komandası səfərdə "Vaşinqton Vizards" komandasını 123-118 hesabı ilə məğlub edib.
News24.az xəbər verir ki, Türkiyə milli basketbolçusu Alperen Şengün 32 xal toplayaraq oyunun ən məhsuldar oyunçularından biri olub və komandasının qələbəsində mühüm rol oynayıb.
Gecənin ən diqqətçəkən hadisəsi isə Tre Yanq ilə bağlı yaşanıb. "Atlanta Hoks"dan "Vaşinqton Vizards"a transfer olunan ulduz basketbolçu yeni komandasında hələ rəsmi oyuna çıxmasa da, tarixə düşüb.
Oyunun üçüncü hissəsində Tari İson və Camir Uotkins arasında baş verən gərgin epizoda sərt etiraz edən Tre Yanq hakim tərəfindən texniki qayda pozuntusuna görə meydandan uzaqlaşdırılıb.
Beləliklə, Tre Yanq "Vaşinqton Vizards" forması ilə rəsmi oyuna çıxmadan meydandan qovulan nadir oyunçulardan biri kimi qeydə alınıb.