"Napoli" – “Qarabağ": Kadi Borgesi kim əvəzləyəcək?

"Napoli" – “Qarabağ": Kadi Borgesi kim əvəzləyəcək? İdman

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli" ilə üz-üzə gələcək. Lakin əsas heyətdən yarımmüdafiəçi Kadi Borges "Çelsi" ilə oyunda zədələndiyi üçün bu mübarizədə yaşıl meydandan kənarda qalacaq. Futbolçunun 8–10 həftə ərzində oyunlarda iştirak etməyəcəyi bildirilir.

Bəs görəsən, Kadi Borgesin yoxluğu komandaya necə təsir edəcək?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən idman eksperti Kənan Məstəliyev bildirib ki, Kadi Borgesin olmaması təəssüfləndirici haldır, çünki o çoxfunksiyalı və texniki oyunçudur:

"Kadi cinah mövqelərində, mərkəzdə və hətta hücum xəttində oynaya bilən oyunçudur. Şübhəsiz ki, onun yoxluğu oyunda nəzərə çarpacaq. Lakin Qurban Qurbanovun rəhbərliyi altında komanda oyunçular üzərindən deyil, sistem üzərindən qurulur. "Qarabağ" oyunçuları sistemə görə seçir, sistemi oyunçulara görə deyil. Bu səbəbdən hər hansı oyunçunun itkisi komandaya elə də problem yaratmır".

Ekspert əlavə edib ki, "Qarabağ"ın digər komandalar üzərində üstünlüyü məhz budur:

"Oyunçu itkisi zamanı o, heyətdə digər oyunçu ilə əvəzlənə bilər. Bu səbəbdən Kadi Borgesin yoxluğu Qurban Qurbanova ciddi çətinlik yaratmayacaq. Böyük ehtimalla, Kadi Borgesin yerinə əsas heyətdə Nəriman Axundzadə çıxış edəcək. "Napoli" – "Qarabağ" qarşılaşmasında Nəriman ya hücum xəttində, ya da Kamillo Duranın yerində mərkəz hücumçusu kimi oynaya bilər. Kamillo Duran sağ cinahda hücumçu, sağ cinahda oynayan Leandro Andrade isə Kadi Borgesin yerində mərkəz yarımmüdafiəçisi kimi çıxış edəcək".

Kənan Məstəliyev Kadi Borgesi əvəzləyəcək başqa bir oyunçudan da danışıb:

"Emmanuel Addai Kadi Borgesin yerini tuta bilər. Addai fiziki cəhətdən güclü olsa da, yaradıcılıq baxımından yüksək səviyyədə olmadığı üçün komandaya elə də çox kömək edə bilməz. Əgər Addai əsas heyətdə çıxış edərsə, Kadinin yerində mərkəz yarımmüdafiəçisi kimi və ya sol cinahda mərkəzdə oynaya bilər. Bu halda Abdulla Zubir mərkəz mövqedə olacaq".

Bir sözlə, "Qarabağ"ın oyun sistemi Kadi Borgesin yoxluğunda yaranan problemi həll etmək bacarığına malikdir.

Qeyd edək ki, "Napoli" – "Qarabağ" oyunu İtaliyada "Stadio Diego Armando Maradona" stadionunda yerli vaxtla bu gün saat 00:00-da başlayacaq.