Nəriman "Qarabağ"dan təzyiqlərə görə ayrıldı? - AÇIQLAMA

Nəriman "Qarabağ"dan təzyiqlərə görə ayrıldı? - AÇIQLAMA İdman

Azərbaycan çempionu “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə klubdan ayrılıb. Gənc futbolçu karyerasını ABŞ-ın MLS təmsilçisi “Kolumbus Kru”da davam etdirəcək.

Nərimanın futbol yolu “Xəzər-Lənkəran”dan başlayıb. O, 12–13 yaşlarından etibarən “Qarabağ”ın aşağı yaş qruplarında çıxış edib. Axundzadə əsas komandada debütünü 2022/2023 mövsümünün 12-ci turunda “Şamaxı”ya qarşı matçda edib. O, 19-cu dəqiqədə Filip Ozobiçi əvəzləyərək meydana daxil olub. Həmin mövsüm hücumçu komandanın Azərbaycan Premyer Liqasının qalibi olmasında pay sahibi olub.

Gənc forvard avrokuboklarda ilk qolunu isə 2023/2024 mövsümündə vurub. O, 1/16 final mərhələsində Bakıda keçirilən cavab oyununda Portuqaliyanın “Braqa” klubuna 120+2-ci dəqiqədə fərqlənərək “Qarabağ”ın 1/8 finala yüksəlməsinə töhfə verib. Qarşılaşma 2:3 hesabı ilə başa çatsa da, Ağdam təmsilçisi ümumi hesabda 6:5 üstünlük qazanaraq Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub kimi tarixə düşüb.

Son dövrlərdə isə Axundzadə azarkeşlərin tənqidləri ilə üzləşmişdi. Çempionlar Liqası oyunlarında gözlənilən performansı göstərə bilməməsi onunla bağlı narazılıqları artırmışdı.

Bəs təzyiqlər futbolçunun gedişinə təsir göstəribmi və 22 yaşlı hücumçunun ABŞ-yə transferi karyerasına necə təsir edəcək?

Məsələ ilə bağlı News24.az-a danışan idman jurnalisti Anar Xanlarov bildirib ki, ayrılığın konkret səbəbi yalnız futbolçunun özünə məlumdur:

“Fakt isə odur ki, Nəriman Axundzadənin Ağdam klubunda oyunu alınmırdı. Bu yaşda futbolçu mütləq oynamalıdır, 22 yaşında ehtiyatda qalmaq normal deyil. ‘Qarabağ’da isə əsas heyətə düşməkdə çətinlik çəkirdi”.

Jurnalist hesab edir ki, futbol baxımından daha çox şans qazana biləcəyi komandaya keçid məntiqli addımdır:

“Oynaya biləcəyi kluba getməsi düzgün qərardır. "Kolumbus Kru"nun onun üçün inkişaf platforması olub-olmayacağını isə MLS mövsümü başlayandan sonra görəcəyik. ABŞ uzaq və fərqli mühitdir, liqa Avropadan tamamilə fərqlənir və bu da müəyyən suallar yaradır”.

İdman jurnalisti Anar Xanlarov

Xanlarov əlavə edib ki, yeni klub zəif komanda sayılmır:

“Klubun 30 illik tarixi var və iki dəfə MLS kubokunu qazanıb. Son mövsümdə Şərq Konfransında 7-ci yeri tutaraq pley-offa yüksəlib. Yəni Nəriman üçün orada da asan olmayacaq”.

Bununla belə, o, futbolçunun Avropada çıxış etməsinin daha məqsədəuyğun olduğunu düşünür:

“Avropada inkişaf perspektivi daha yüksəkdir. ABŞ-a gedənlərin çoxu bunu maliyyə səbəbi ilə edir. Nərimanın bu seçimi etməsinin səbəbi mənə də məlum deyil. Orada həm gözdən, həm də diqqətdən uzaq qalmaq riski var. Amma hər halda prosesə zaman lazımdır”.

Sosial mediada səslənən təzyiq iddialarına münasibət bildirən jurnalist bildirib ki, bu, inandırıcı görünmür:

"İnanmıram ki, "Qarabağ"dan ayrılıq məhz təzyiqlərlə bağlı olsun. O özü də dəfələrlə deyib ki, haqqında yazılanlara fikir vermir”.