"Nərimanın transferi ABŞ futbolunun diqqətini Azərbaycana yönəltdi"
İdman
"Camaatın “Green Card”la getmək istədiyi ölkəyə azərbaycanlı futbolçu özəl dəvətlə yollanır. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin “Kolumbus Kru”ya transferi haradan baxsaq bizim üçün ilin idman hadisəsidir".
News24.az xəbər verir ki, bu barədə jurnalist Sənan Şəfizadə şəxsi "Facebook" hesabında paylaşım edib.
"Zarafat deyil, futbol tariximizin ən baha satılan yerli futbolçusu ABŞ futbolunun diqqətini Azərbaycana yönəltdi.
İndi əsas məsələ Nərimanın Amerikada ümidləri doğrultmasıdı. Futbolçu təkcə öz adına deyil, Azərbaycan futboluna böyük diqqət və maraq yarada bilər. Bunun üçün sadəcə çalışmaq, meydanda can qoymaq və heyətdə möhkəmlənmək lazımdı", - deyə qeyd edib.
O həmçinin tranferə görə "Qarabağ"ın avrokuboklarda qazandığı uğurları da qeyd edib:
"Transferin baş tutmasında mənə görə “Qarabağ”ın avrokuboklarda ardıcıl uğurlu çıxışı xüsusi rol oynayır. Ağdam klubu illərdir Avropa Liqası, ÇL və ya Konfrans Liqasında mübarizə aparır və ölkə futboluna böyük maraq yaradır. Avrokubok vitrindir, hamı bir-birini görür, tanıyır və maraqlanır. Eyni zamanda Nərimanın menecerinə böyük alqış düşür. Həmişə demişəm, futbolçunun karyerası işin 60%-i sayılır. Digər 40% onun təqdimatı, təbliğatı və menecerinin işini peşəkar qurmasıdır.
Bax futbol budur, bir an həyat dəyişir və yeni şans verir".