PFL və AFFA-dan Qurban Qurbanovun narazılığına CAVAB
İdman
Ötən gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İmişli”yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirib. O, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını bildirib. "Meydança yox kimi idi. Sanki xokkey meydançası idi. Bu sürüşür, o sürüşür, ötürmə verə bilmirlər. Belə meydançada necə futbol oynamağa icazə verirlər?", - deyə baş məşqçi narazılığını bildirib.
Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov bildirib ki, Premyer Liqaya yüksələn komanda oynayacağı stadionu sifariş verir:
"Daha sonra Peşəkar Futbol Liqası (PFL) tərəfindən həmin stadiona təftiş heyəti göndərilir. Rəy olaraq bizə bildirilir ki, həmin stadionda oynamaq olar, yoxsa olmaz. Quba Olimpiya Kompleksi “İmişli” tərəfindən sifariş olunmuşdu. PFL də bu stadiona baxış keçirərək orada futbol oynamağın mümkün olduğunu Lisenziya və Qeydiyyat Departamentinə bildirmişdi. Nəticədə həmin rəy əsasında kluba Premyer Liqada çıxış etmək üçün lisenziya verilmişdi. Təkcə “İmişli”nin oynadığı stadion yox, hətta “Karvan-Yevlax” və “Turan Tovuz”un stadionlarında yaranan problemlər zamanı da AFFA heç bir müdaxilə edə bilməz, etməyib də. Yalnız PFL həmin stadionlarda oynamağa icazə verdikdən sonra orada oyun keçirilə bilər”.
Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov isə sorğumuza cavab olaraq bildirilib ki, qəbul edilən hər bir qərarın əsasları var:
"“İmişli” klubu Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə İmişli şəhər stadionunda oynayacaqlarını bildiriblər və bu stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib".
PFL-dən qeyd edilib ki, Premyer Liqanın startı ərəfəsində stadionlar ilə bağlı durum fərqli olub:
"Quba OİK-də ilkin təftiş zamanı xeyli problemlər aşkarlandı. Bura çəkiliş platformaları, media sektor, miks zona, qazon, soyunub-geyinmə otaqlarında olan problemlər daxil idi. Həmin problemlərin aradan qaldırılması üçün tələb olunan vaxtda AFFA və PFL-in təşəbbüsü ilə “İmişli” 2 oyunluq ev görüşlərini AFFA-dan icarəyə götürdüyü Şamaxı şəhər stadionunda keçirdi və yekun təftişdən sonra ümumi infrastruktur imkanları nəzərə alınaraq “İmişli”yə Quba OİK-də oynamaq icazəsi verildi".
"Biz də qəbul edirik ki, hazırda qış ayları olduğu üçün Quba OİK stadionunun qazonu yaxşı vəziyyətdə deyil, amma biz klubla birlikdə demək olar ki, hər oyundan öncə, hər oyundan sonra qazonun oyunlara nisbətən hazır olması üçün çalışırıq. Quba OİK stadionunda Premyer Liqa oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra Peşəkar Futbol Liqası qərar verib, amma qərarın özəyində yuxarıda sadalanan məqamlar və ümumi infrastruktur vəziyyətindən yaranmış ümumi mənzərə dayanıb. Peşəkar Futbol Liqası öz növbəsində “İmişli”nin rəqiblərinə fərqli imkanların yaradılmasının tərəfdarı deyil. Biz PFL olaraq, idman prinsiplərinin qorunması və hər bir komandaya ortaq şəraitin yaradılmasına çalışırıq", - deyə PFL-dən bildirilib.