“Qarabağ” bu gün nəhəngi diz çökdürə bilər - Qələbənin gizli şifrələri açıqlandı
İdman
Bu axşam UEFA Çempionlar Liqasının "play-off" mərhələsində ilk oyunlar futbolsevərlərin diqqət mərkəzində olacaq. Günün ən çox maraq doğuran qarşılaşmalarından biri isə Azərbaycan çempionu "Qarabağ" ilə İngiltərənin köklü təmsilçisi "Nyukasl Yunayted" arasında baş tutacaq.
Azərbaycan futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqasının bu mərhələsinə yüksələn “Qarabağ” növbəti dəfə tarix yazmaq üçün meydana çıxacaq. Ağdam təmsilçisi son illərdə avrokuboklarda qazandığı təcrübə, xüsusilə qrup mərhələlərində göstərdiyi inamlı oyunla artıq Avropada tanınan komandaya çevrilib. Klubun baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında formalaşan oyun sistemi intizam, sürətli keçidlər və texniki futbol üzərində qurulub.
Rəqib isə tamam fərqli səviyyəni təmsil edir. İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukasl” həm sürət, həm fiziki güc, həm də fərdi ustalıq baxımından ciddi üstünlüklərə malikdir. Komanda son illərdə böyük maliyyə dəstəyi ilə heyətini gücləndirib və Avropada iddialı kollektivlərdən birinə çevrilib. Lakin nəzərə almaq lazımdır ki, rəqib komanda da ciddi itkilər var. Ötən axşam oyundan öncəki mətbuat konfransında da rəqibin baş məşqçisi komandanın itkiləri barəsində fikirlərini bildirib.
Axşamkı qarşılaşmanı səbirsizliklə gözləyən futbolsevərləri düşündürən əsas sual isə budur: Bütün ehtimalları nəzərə alsaq, “Qarabağ”ın İngiltərənin köklü klubu “Nyukasl Yunayted” qarşısında qalib gəlmək şansı varmı?
Bu barədə News24.az-a fikirlərini bölüşən idman eksperti Kənan Məstəliyev bildirib ki, "Nyukasl Yunayted” 145 illik tarixi olan İngiltərə nəhəngidir:
"Çox zəngin tarixə və simvolik dəyərə malik Britaniya klublarından biridir. Klubun ümumi bazar dəyəri təxminən 750 milyon avroya yaxındır. Güclü heyətə malikdir və bu cütlükdə şübhəsiz ki, favorit tərəf sayılır. İngiltərə Premyer Liqasının iddialı komandalarından biridir. Bu baxımdan rəqibi bir addım öndə görmək olar. Amma nəzərə almaq lazımdır ki, həm “Nyukasl Yunayted”, həm də “Qarabağ” "play-off" mərhələsində çıxış edirlər. Hər iki komanda bir-birindən çəkinməyəcək qədər güclü sayıla bilər".
Kənan Məstəliyev qeyd edib ki, rəqib güclü olsa da, "Qarabağ”ın şansı yoxdur demək düzgün olmaz:
"“Qarabağ” tarixində bu səviyyədə rəqiblərlə kifayət qədər qarşılaşıb və onlara qarşı başabaş mübarizə aparmağı bacarıb. Düşünürəm ki, şansımız heç də az deyil. Xüsusilə Bakıdakı oyunda qalib gəlmək imkanımız var".
Ekspertin sözlərinə görə, “Nyukasl Yunayted”in oyun tərzi “Qarabağ”ın oyun üslubuna uyğundur:
"Onlar da “Qarabağ” kimi pressinq tətbiq edirlər. Əsasən 4-3-3 taktiki sxemi ilə oynayırlar və müdafiə zamanı bu düzülüş 4-5-1-ə çevrilir. “Qarabağ”da da təxminən eyni taktiki yanaşma mövcuddur. Əgər “Qarabağ” rəqibin pressinqini yarmağı bacarsa, əks-hücumlarda, xüsusilə cinahların arxasına atılan uzun ötürmələrdə uğurlu ola bilər və bu halda qalibiyyət qazanmaq şansı yüksəkdir".