“Qarabağ” “Enfild” sınağında: "Play-off" şansı nə qədərdir?
İdman
Bu gün saat 00:00-da UEFA Çempionlar Liqasının əsas liqa mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ” İngiltərənin nəhəng klublarından “Liverpul”un qonağı olacaq. Qarşılaşma Liverpul şəhərində yerləşən məşhur “Enfild” stadionunda keçiriləcək.
Ağdam təmsilçisi ötən turda Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub edərək vacib üç xal qazanıb və bununla da “play-off” mərhələsinə yüksəlmək şansını əhəmiyyətli dərəcədə artırıb. İndi isə “Qarabağ”ı daha çətin sınaq gözləyir. Qarşıda Avropa futbolunun ən güclü komandalarından biri dayanır. Maraqlıdır, “Enfild”də keçiriləcək bu oyundan sonra Azərbaycan çempionunun növbəti mərhələyə yüksəlmək ehtimalları necə dəyişəcək?
Bu barədə News24.az-a açıqlama verən Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədov bildirib ki, “Qarabağ” “play-off” mərhələsinin bir addımlığındadır, lakin məsələ hələ tam həllini tapmayıb.
Onun sözlərinə görə, bəzi qarşılaşmalarda favorit hesab olunan komandalar meydana çıxacaq və bu kollektivlərin xal qazanmağa ciddi ehtiyacı var:
"Eyni zamanda, bir sıra nəhəng klublar turnirdə mövqelərini qorumaq üçün mütləq qələbə qazanmağa çalışacaq. Digər komandalar isə növbəti mərhələyə daha əlverişli şərtlərlə yüksəlmək məqsədilə xal əldə etməyə çalışacaqlar".
T.Əhmədov vurğulayıb ki, “Qarabağ” üçün ən ideal ssenari öz oyunda xal qazanmasıdır:
"Bu halda məsələ demək olar ki, həll olunmuş sayılacaq. Məğlubiyyət isə komandanın taleyini əsasən digər oyunların nəticələrindən asılı vəziyyətə salacaq. Məhz buna görə də diqqət yalnız “Qarabağ”ın oyununa deyil, paralel keçiriləcək qarşılaşmaların nəticələrinə də yönələcək".
Sabiq futbolçu son oyunlarda “Qarabağ”ın çıxışında müəyyən enişlərin müşahidə olunduğunu da qeyd edib:
"Xüsusilə müdafiə xəttində yaranan boşluqlar tez-tez diqqət çəkir. Komanda hücuma daha çox meyil etdikcə, arxa xətdə risklərin artması buraxılan qollara səbəb olur. Bu məqam həm yerli çempionatda, həm də beynəlxalq görüşlərdə dəfələrlə özünü göstərib".
Rəqibin isə hücum xətti baxımından kifayət qədər güclü olduğunu deyən T.Əhmədov bildirib ki, qarşı tərəf oyunun taleyini istənilən an dəyişə biləcək səviyyəli futbolçulara malikdir:
"Son dövrlərdə stabil çıxış etməsələr də, Çempionlar Liqasında daha fərqli və motivasiyalı oyun nümayiş etdirirlər".
Buna baxmayaraq, ümidlərin hələ də qalığını vurğulayan mütəxəssis “Qarabağ”ın öz oyununu oynayaraq, xarakter ortaya qoyacağına inandığını bildirib. Onun sözlərinə görə, komandanın problemləri məlumdur, lakin futbol gözlənilməzdir və mümkünsüz heç nə yoxdur.
T.Əhmədov sonda bildirib ki, “Qarabağ” həm öz gücü, həm də digər oyunların nəticələrinin köməyi ilə “play-off” mərhələsinə yüksələcək.
Oyunla bağlı fikirlərini bölüşən Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov isə qarşılaşmada favorit tərəfin “Liverpul” olduğunu qeyd edib. O bildirib ki, ümumilikdə Çempionlar Liqasında “Qarabağ”ın üz-üzə gəldiyi bütün rəqiblər güclü komandalar olub, lakin buna baxmayaraq, Azərbaycan çempionu həmin görüşlərdə xal qazanmağı bacarıb.
C.Sultanovun sözlərinə görə, bu oyunda da “Qarabağ” meydana xal qazanmaq məqsədi ilə çıxacaq. O, “Liverpul”un İngiltərənin ən güclü klublarından biri olduğunu vurğulasa da, “Qarabağ”ın qol imkanlarından düzgün istifadə edəcəyi və müdafiədə ciddi səhvlərə yol verməyəcəyi təqdirdə İngiltərədən xalla qayıtmağın mümkün olduğunu bildirib.
Sonda “Qarabağ”a uğurlar arzulayan sabiq futbolçu qeyd edib ki, komanda özünəməxsus oyun üslubu ilə daim rəqiblərini təəccübləndirməyi bacarıb. Onun fikrincə, indiyədək əldə olunan nəticələr də məhz bu oyun üslubunun məhsuludur və “Qarabağ” İngiltərədə də eyni oyunu nümayiş etdirərək istədiyi nəticəni qazana bilər.