“Qarabağ” asanlıqla təslim olmayacaq - Oyun öncəsi açıqlama
İdman
Noyabrın 5-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində “Qarabağ” – “Çelsi” oyunu keçiriləcək. “Qarabağ” əvvəlki turda “Atletik”ə məğlub olmuş və turnir cədvəlində 13-cü pillədə qərarlaşmışdı. İndi isə maraqlı sual yaranır: “Qarabağ” “Çelsi” kimi güclü rəqibdən xal ala biləcəkmi?
Bu barədə News24.az-a danışan idman eksperti Kənan Məstəliyev bildirib ki, “Qarabağ” – “Çelsi” qarşılaşması yüksək səviyyəli və diqqətçəkən oyun olacaq:
“Bu, ilk növbədə, rəqibin futbol dünyasında qazandığı uğurlarla bağlıdır. “Çelsi” həm daxili çempionatda, həm də beynəlxalq arenada ən titullu klublardan biridir. Klub bütün mümkün avrokubokları, eləcə də Klublararası Dünya Çempionatını qazanaraq bu uğura imza atan yeganə komandadır. Yaxın gələcəkdə bu rekordun yenilənməsi də gözlənilir. Hazırda “Çelsi”nin oyunçu heyətinin ümumi dəyəri təxminən 1 milyard avro civarındadır. “Qarabağ” üçün bu rəqib indiyə qədər qarşılaşdığı ən güclü komandadır”.
Ekspertin sözlərinə görə, “Çelsi”nin Bakıya səfəri nəticədən asılı olmayaraq Azərbaycan futbolu üçün əlamətdar hadisə və futbol bayramıdır:
“Bununla belə, komandanın Bakıda məşq etməməsi bir qədər qeyri-adi haldır. Oxşar qərarı əvvəllər də uzaq məsafədən gələn bəzi klublar qəbul edib. Bu, əsasən səyahət yorğunluğundan yayınmaq və vaxt itkisini azaltmaq məqsədi daşıyır. Lakin bu, düzgün addım hesab edilmir. Bu davranış “Çelsi”nin “Qarabağ”a müəyyən qədər üstünlük mövqeyindən yanaşdığını göstərir.
Mövcud vəziyyətdə “Çelsi”nin yüksək formada olan futbolçularına qarşı “Qarabağ”ın şansları məhduddur. Amma əgər “Çelsi” rəqibini kifayət qədər ciddi qəbul etməzsə və “Qarabağ” komanda oyununun dinamikasını bərpa edib sona qədər mübarizə apararsa, xal qazanmaq ehtimalı var. Real baxımdan gözlənilən nəticə “Çelsi”nin qələbəsidir. Bununla belə, “Qarabağ” asanlıqla təslim olmayacaq”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və qarşılaşma saat 21:45-də başlayacaq.