"Qarabağ"a qarşı oynamaq çox çətin idi" – Çelsinin baş məşqçisi
İdman
“Oyun zamanı bir çox oyunçunu dəyişməli olduq. Belə dəyişikliklər matç ərzində tez-tez baş verir”.
News24.az xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçından sonra təşkil edilən mətbuat konfransında “Çelsi”nin baş məşqçisi Enzo Maresca səsləndirib.
Maresca qeyd edib ki, əsas məqsəd bəzi oyunçuları istirahət etdirmək olub: “Futbolçularımız 3 gündən bir ciddi oyunlarda çıxış edirlər. Bu səbəbdən bəzi oyunçuları dincəltmək üçün dəyişikliklər etməli oluram”.
Baş məşqçi oyunun gedişatını da dəyərləndirib: “Qələbə qazanmaq istəyirdik. İlk hissədə oyuna yaxşı başladıq, ikinci hissədə isə daha da yaxşı oynadıq. Mən əvvəldən demişdim ki, "Qarabağ" çox gözəl komandadır və onlara qarşı oynamaq çətindir. Rəqibin oyunçuları yüksək səviyyədə çıxış etdilər”.
O, komandasının performansından razı qaldığını bildirib: “Oyunçularım kobud səhvlərə yol vermədilər, onların çıxışından məmnunam. Təbii ki, oyunun bu vəziyyətdə olmasını istəmirik, amma indi növbəti matçlara hazırlaşmağa yönələcəyik”.