"Qarabağ"ın keçmiş qapıçısı 45 dəqiqəyə 4 qol buraxdı - Azarkeşləri hədələdi

"Qarabağ"ın keçmiş qapıçısı 45 dəqiqəyə 4 qol buraxdı - Azarkeşləri hədələdi İdman

Türkiyə Super Liqasının 4-cü turunda “Göztepe” doğma meydanda “Qaziantep FK”ya 2:4 hesabı ilə məğlub olub. Qarşılaşmanın ilk hissəsində 4 qol buraxan “Göztepe”nin gürcü qapıçısı Luka Quqeşaşvili azarkeşlərin etirazına məruz qalıb və fasilədə əvəzlənib.

News24.az xəbər verir ki, 27 yaşlı qapıçı matçdan sonra sosial şəbəkə hesabında ona qarşı reaksiyalara cavab verib.

“Bəzən hər şey istədiyimiz kimi olur, bəzən isə olmur. Futbolda yaxşı və pis günlər var. Lakin heç kim mənim mübarizəmi, xarakterimi və bu forma üçün çəkdiyim əziyyəti şübhə altına ala bilməz.

Bu gün etdiyiniz azarkeşlik deyildi. Təbii ki, bu klubu həqiqətən sevən və hər zaman komandanın yanında olan əsl “Göztepe” azarkeşləri də var. Onlara sonsuz hörmət və sevgimi bildirirəm”, - deyə Quqeşaşvili bildirib.

Qapıçı həmçinin klaviatura arxasından onu tənqid edənlərə müraciət edib:

“Yalnız bir söz deyəcəyəm: Həyat uzundur, dünya kiçikdir. Bir gün mütləq küçədə və ya başqa bir yerdə qarşılaşacağıq...”

Quqeşaşvili “Göztepe”yə gəldiyi gündən klubun formasını və adını qürurla müdafiə etdiyini vurğulayıb.