Qnali "Qarabağ"da kimi əvəz edəcək?

Qnali "Qarabağ"da kimi əvəz edəcək? İdman

Ötən gün "Qarabağ" futbol klubu heyətini daha bir nəfərlə gücləndirdi. "Köhlən" atların komandasına qoşulan Fransalı futbolçu Jeremi Qnali klubda sol cinah müdafiəçisi qismində oynayacaq. Qeyd edək ki, "Qarabağ" oyunçu ilə 2,5 illik müqavilə bağlayıb. Fransalı futbolçu Jeremi Qnali "Qarabağ"da 24 nömrəli forma ilə çıxış edəcək.

Maraqlıdır, Qurban Qurbanovun etdiyi bu tranfer heyətdə kimi əvəzləyəcək?

Bu barədə News24.az -a fikirlərini bölüşən idman eksperti Kənan Məstəliyev bildirib ki, yeni transfer Jeremi Qnali mövqe baxımından Elvin Cəfərquliyevin oynadığı sol cinah müdafiəçisi mövqeyinə alınıb: "Bu transferi bir neçə istiqamətdə şərh etmək mümkündür.

Birinci ehtimal ondan ibarətdir ki, Qnalinin məhz bu mövqeyə transfer olunması Elvin Cəfərquliyevin yayda komandadan ayrılacağına işarə edir. Klub artıq indidən onun yerinə alternativ variantlar üzərində işləyir və bu transfer də həmin planın tərkib hissəsidir.

İkinci variant isə Qnalinin yalnız cinah müdafiəçisi yox, eyni zamanda cinah yarımmüdafiəçisi və vinger kimi də oynaya bilməsidir. Yəni o, sol cinah boyunca bütün xətti əhatə edə bilir. Bu da onu Zubirin alternativi kimi dəyərləndirməyə əsas yaradır. Belə olan halda Qnali Zubirin yerində oynaya, Elvin isə başqa mövqeyə çəkilə bilər.

Üçüncü ehtimal Qurban Qurbanovun futbolçulardan universallıq tələb etməsi ilə bağlıdır. Baş məşqçi oyunçuları müxtəlif mövqelərdə sınamağı sevir. Bu baxımdan Qnalinin sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış etməsi də mümkündür. Belə bir ssenaridə Leandro Andradenin mövqeyi dəyişdirilərək onun sol cinahda, Zubirin mövqeyində oynaması ehtimalı yaranır.

Nəticə etibarilə, Qnali sol cinah müdafiəçisi kimi transfer edilsə də, bu keçidin konkret olaraq hansı futbolçunun yerinə edildiyini dəqiq demək mümkün deyil. O, bir neçə fərqli mövqedə istifadə oluna bilər və bu transferlə bağlı yekun qərar vermək hələ tezdir".