Qurbanov: “Çelsi" kimi komandanın Bakıya gəlməsi bizim üçün böyük qazancdır
İdman
“Bizi çox maraqlı oyun gözləyir. Tarixi qədim olan futbol komandasının oyunçularının Bakıya gəlməsi böyük təcrübədir”.
News24.az xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçından öncə təşkil edilən mətbuat konfransında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov səsləndirib.
Baş məşqçi qarşılaşma ilə bağlı hazırlıqlardan da danışıb:
“Oyuna yaxşı hazırlaşmışıq. Çox istərdik ki, sabah azarkeşlərimizə maraqlı oyun təqdim edək”.
O, rəqibin gücünə də toxunub:
“Bizim üçün "Çelsi" futbolçularını ayrıca müzakirə etmək doğru olmaz. Belə böyük komandaya qarşı qalib gəlmək çox böyük uğur sayılar. Lakin indiyədək İngiltərə klublarına qalib gəlməmişik”.
Qurbanov sonda bildirib ki, İngiltərə futbolu hər zaman yüksək səviyyəsi ilə seçilib:
“Mən dəfələrlə vurğulamışam ki, İngiltərə Premyer Liqası tamamilə fərqli səviyyədədir. "Çelsi" kimi komandanın Bakıya gəlməsi və onlarla qarşılaşmaq bizim üçün böyük bir qazancdır”.