Qurbanov: “İmkanım olsaydı, 2017-ci ilin heyətini indiki ilə dəyişərdim” - Video
İdman
“2017-ci ildən sonra "Qarabağ" futbol komandası olduqca çox böyüyüb. Bəlkə çox böyük səviyyədə deyilik, lakin əvvəlki illərlə müqayisədə xeyli inkişaf etmişik”.
News24.az xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” qarşılaşmasından öncə “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, bu illər ərzində böyük klubların Bakıya gəlməsi komandanın inkişafının göstəricisidir: “Bu vəziyyət bizim stabil fəaliyyətimizin, klub rəhbərliyinin diqqət və qayğısının nəticəsidir”.
Qurban Qurbanov əlavə edib ki, Avropa futbolunun inkişaf tempi daha yüksək olub: “Biz böyümüşük, amma, əfsuslar olsun ki, Avropanın klubları daha da böyüyüblər. İmkanım olsaydı, 2017-ci ilin heyətini bu vaxta, indiki heyəti isə 2017-ci ilə dəyişdirərdim. Çünki hər iki heyət əvəzolunmazdır”.