“Qurbanov oğluna belə Nərimana verdiyi qədər şans vermir” – Kənan Məstəliyev

“Qurbanov oğluna belə Nərimana verdiyi qədər şans vermir” – Kənan Məstəliyev İdman

""Qarabağ" – "Ayaks" oyununda hamımız qələbə gözləyirdik. Çünki "Ayaks" güclü komanda olsa da, hazırkı vəziyyətləri kifayət qədər zəifdir. Məhz buna görə qalib gələcəyimizi düşünürdük və bu, obyektiv olaraq da mümkün görünürdü".

Bunu News24.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev "Qarabağ" – "Ayaks" görüşündən sonra fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, "Qarabağ" oyunun ilk hissəsinə sürətli başlasa da, həddindən artıq güc sərf edib:

"Futbolçularımız çox yorulmuşdular və fiziki cəhətdən sona qədər davam etdirməkdə çətinlik çəkdik. Rəqib isə bu vəziyyətdən istifadə edərək qələbə qazandı. Məğlubiyyət o demək deyil ki, bizim şansımız qalmayıb. Bundan sonrakı bir qələbə "pley-off"a çıxmaq imkanımızı təmin edə bilər. Bizi bura qədər gətirən də "Qarabağ"dır, bu məğlubiyyəti yaşadan da həmin klubdur. Doğrudur, qarşıdakı səfər oyunu – "Liverpul"la görüşdən xal almaq şansımız çox aşağıdır. Lakin evdə "Ayntraxt"a qarşı keçiriləcək matçda qalib gəlsək, "pley-off"a yüksələ bilərik".

İdman eksperti Kənan Məstəliyev

Ekspert "Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin sosial şəbəkə platformalarında tənqid olunması ilə bağlı məsələyə də münasibət bildirib:

"Nərimanın tənqid olunması müəyyən qədər başadüşüləndir. Çünki o, potensialından xeyli aşağı oynayır və bu, artıq uzun müddətdir belə davam edir. Ona çox şans verilir. Qurban Qurbanov heç oğluna o qədər şans vermir. Görünən odur ki, onun "Qarabağ"da uğurlu karyera qurmaq ehtimalı hazırda çox aşağıdır. Nərimanın başqa komandaya – heç olmasa icarəyə getməsi, özünü toparlaması baxımından daha doğru olar".

""Oyunun satılması" ilə bağlı iddialara gəldikdə isə, bunlar Azərbaycan futbolunun, ümumiyyətlə, ölkəmizin düşmənlərinin ortaya atdığı fikirlərdir. Belə bir şey yoxdur və ola da bilməz", – deyə Kənan Məstəliyev əlavə edib.