Qurbanovdan etiraf: “Komandamız hələ güclü rəqiblərlə mübarizəyə hazır deyil”
İdman
“Futbolçuların bərpa və istirahətə fizioloji ehtiyacı var idi. Lakin heyətdə bir neçə oyunçu xəstələndi. Aleksey Kaşuk 1–2 gün məşqlərdə iştirak etsə də, sonradan o da xəstəliyə yoluxdu. Buna baxmayaraq, futbolçuların istirahət və bərpa rejimi ümumilikdə normal şəkildə təmin olunub”.
News24.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən brifinq zamanı səsləndirib. Baş məşqçi bildirib ki, hazırkı mərhələdə komandanın fiziki və funksional hazırlıq səviyyəsi daha güclü rəqiblərlə mübarizə aparmaq üçün yetərli deyil. Onun sözlərinə görə, qarşıdakı iki rəqib yüksək hazırlıq səviyyəsinə malikdir.
Qurbanov vurğulayıb ki, buna baxmayaraq, komanda nə zaman baxımından ciddi itkiyə məruz qalıb, nə də ümumi potensial baxımından zəifdir. O qeyd edib ki, hazırda komanda üçün oyun praktikasından daha çox, sistemli və məqsədyönlü məşq prosesi vacibdir. Baş məşqçinin sözlərinə görə, cari dövrdə əsas prioritet futbolçuların sağlamlığının bərpası, fiziki güc və funksional göstəricilərinin optimal səviyyəyə çatdırılmasıdır.