Qurbanovdan Kadinin vəziyyəti ilə bağlı açıqlama

Qurbanovdan Kadinin vəziyyəti ilə bağlı açıqlama İdman

“Azarkeşlərimi təbrik edirəm. Mən oyunçularımı bəzən savaşçı adlandırıram. Bu gecə isə onlar əsl qəhrəman kimi oynadılar”.

News24.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçından sonra baş tutan mətbuat konfransında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov qarşıdakı oyunlara da diqqət çəkib: “Bundan sonrakı rəqiblər bizə daha ciddi yanaşacaqlar. Onlar bizi gözləyirlər ki, turnir cədvəlində xallarını artırsınlar. Biz isə hər oyuna eyni məsuliyyətlə yanaşmalıyıq”.

Baş məşqçi bildirib ki, komandanın hər bir üzvü vacib rol oynayır: “Böyük klublarda ikinci heyət anlayışı yoxdur. Rəqibin oyunçuları həm Çempionlar Liqasında, həm Avroliqada, həm də daxili çempionatda oynayırlar və bu, asan deyil. "Çelsi" heç vaxt rəqiblərinə kiçik komanda kimi baxmır. 2017-ci ildə heyətdə olan bəzi futbolçular bu oyunda da iştirak etdi. Bu komanda hər zaman mübarizə və peşəkarlıq ruhu ilə seçilir”.

Qurbanov əlavə edib ki, komandamız meydanda qorxusuz oynayıb: “2017-ci ilin heyəti bəlkə daha güclü idi, amma indiki qrup daha təcrübəlidir. Baş məşqçi kimi bu cür oyunlara daha soyuqqanlı yanaşıram. Oyunu müdafiə üzərində qurmamışdım, rəqib imkan yaratsa belə, futbolçularıma hücumda oynamağı tapşırmışdım. Qorxaq futbol bizə yaraşmır”.

O, həmçinin zədələnən futbolçu barədə də danışıb: “Kady ilə bağlı dəqiq fikir bildirmək çətindir, amma vəziyyəti ciddi görünür. Ayaq hissəsində sümüklərin sınığı ehtimalı var”.