Razılaşma var, transfer yox: “Qarabağ”da nə baş verir?

Razılaşma var, transfer yox: “Qarabağ”da nə baş verir? İdman

“Hazırda daha çox yerli futbolçulara maraq var. Menecerlər və futbolçuların yaxınları müxtəlif təkliflərlə müraciət edirlər. Xarici klublar da əsasən yerli oyunçularla maraqlanır”.

News24.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib. Təcrübəli mütəxəssis qeyd edib ki, yanvar ayı ərzində komandadan hər hansı transfer və ya futbolçunun gedişi gözlənilmir.

Baş məşqçi heyətin dərinliyinin artırılmasının vacibliyini də vurğulayıb: “Çox istərdik ki, bəzi mövqelərdə futbolçuların sayını artıraq. Keçən il oyunçular həddindən artıq yoruldular. Eyni heyətlə davam etsək, bu, onların həm psixoloji, həm də fizioloji durumuna mənfi təsir göstərə bilər. Danışıqlar aparılır, lakin nəticənin necə olacağını indidən demək çətindir”.

Qurban Qurbanov transfer prosesində yaşanan çətinliklərə də toxunub: “Dəfələrlə olub ki, futbolçu ilə razılaşmışıq, lakin sonradan qiymət artırılıb. Belə hallar çox yaşanır. Futbolçu rəsmi şəkildə komandaya qoşulmayana qədər yeni transfer barədə danışmaq düzgün deyil”.

Baş məşqçi bildirib ki, komanda "play-off" mərhələsinə yüksəlsə belə, bütün futbolçuları siyahıya daxil etmək mümkün olmayacaq: “Limit kifayət qədər sərtdir və bu, seçim imkanlarımızı məhdudlaşdırır”.

Qurbanov çempionluq yarışı ilə bağlı da fikirlərini bölüşüb: “Futbolda elə bir qanun yoxdur ki, hər mövsüm mütləq çempion olasan. Hər komandanın iddiası var. Qarşımızda isə iddialı və gələcəyi planlı şəkildə qurulan rəqiblər mövcuddur”.