"Sabah"ın üstünlüyü, "Qarabağ"ın təcrübəsi – Çempion kim olacaq?
İdman
Hazırda Misli Premyer Liqasında mübarizə sürətlə davam edir və çempionluq uğrunda gərgin yarış müşahidə olunur. Neçə illərdir ölkə çempionluğunu qoruyan Ağdam təmsilçisi “Qarabağ” 46 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Liderliyi isə Masazır təmsilçisi “Sabah” futbol komandası tutur və mövsüm boyu göstərdiyi uğurlu çıxışla diqqət çəkir.
“Qarabağ” mövsüm ərzində UEFA Çempionlar Liqasında mübarizə aparıb və indi ölkə çempionatına qayıdıb. Bu isə onların müəyyən dərəcədə yorğun və motivasiyasız ola biləcəyini göstərir. Digər tərəfdən, “Sabah” son oyunlarda göstərdiyi stabil və inamlı oyunla liderliyini qoruyur, komandanın kollektiv işi, sürətli hücumları və dəqiq qapıçı çıxışları onların üstünlük qazanmasına səbəb olur.
Bütün bu amilləri nəzərə alaraq, ölkə çempionluğunu “Sabah” qazana bilərmi? Həmçinin yeni mövsümdə "Sabah"ı UEFA Çempionlar Liqasında görə bilərikmi?
Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən futbol eksperti Emin Abbasov qeyd edib ki, Premyer Liqada finiş xəttinə bir dövrə, yəni son 11 tur qalıb:
"Hazırki vəziyyətə görə, “Sabah”ın çempionluq şansları daha yüksəkdir. Lakin “Qarabağ”ın böyük təcrübəsi və formalaşmış çempionluq mentaliteti var. Son oyunda “Sabah”ın son 20 dəqiqədə 3 qolluq üstünlüyü əldən verməsi, belə kritik məqamlarda təcrübə çatışmazlığının nəticəsi idi.
Qısaca desək, “Sabah”ın çempion olması mümkündür, amma asan olmayacaq. Eyni zamanda, “Sabah”ın birbaşa Çempionlar Liqasının Liqa mərhələsinə düşəcəyini ilk cəhdindən proqnozlaşdırmaq çətindir. Hətta “Qarabağ” üçün də çempion olub Liqa mərhələsinə çıxacağına əminliklə demək olmaz. Bu? futboldur. Bu iki komanda arasındakı əsas fərq isə “Qarabağ”ın nəhəng təcrübəsidir".
Qeyd edək ki, Masazır təmsilçisi "Sabah" 53 xalla liderliyini qorumağa davam edir.