“Seçmə mərhələlər öncəsi bu oyunlar bizim üçün vacibdir”

“Seçmə mərhələlər öncəsi bu oyunlar bizim üçün vacibdir” İdman

“Dünəndən etibarən təlim-məşq toplanışına başlamışıq. Qarşıda Danimarka millisi ilə iki yoldaşlıq oyunumuz var. Bu görüşlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ilin sonlarına doğru dünya çempionatının seçmə mərhələləri start götürəcək”.

News24.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının kapitanı Emin Kürdov jurnalistlərə açıqlamasında deyib.

Kapitan yoldaşlıq oyunlarının əhəmiyyətini də vurğulayıb:

“Nə qədər çox oyun keçirsək, bir o qədər də praktika qazanırıq. Komandada kifayət qədər yeni oyunçu var. Hazırda milli komandada demək olar ki, legioner yoxdur, heyət əsasən yerli futzalçılardan ibarətdir. Qarşıdakı iki oyunda əsas məqsədimiz maksimum nəticə əldə etməkdir”.

Emin Kürdov komandanın potensialına da toxunub:

“Heyətdə potensialı yüksək olan oyunçular var. Sadəcə, hər zaman qeyd etdiyim kimi, bizə vaxt lazımdır. Azərbaycan futzal millisinin yaxşı nəticələri hələ qarşıdadır”.