“Turan Tovuz” “Sumqayıt”ı məğlub edərək üçüncü sıraya yüksəldi
İdman
Azərbaycan Premyer Liqasının 17-ci turunda “Turan Tovuz” səfərdə “Sumqayıt”ı məğlub edərək mühüm üç xal qazanıb.
News24.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma gərgin mübarizə ilə yadda qalıb.
Oyun tovuzluların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qərb təmsilçisinin heyətində Hayderson Hurtado 13-cü dəqiqədə hesabı açıb. Matçın 61-ci dəqiqəsində Hurtado bu dəfə topu öz qapısına göndərərək “Sumqayıt”ın bərabərlik qoluna (avtoqol) səbəb olub. Lakin 69-cu dəqiqədə səhnəyə çıxan Rəhim Sadıxov komandasının qələbə topunu vurub.
Qeyd edək ki, bu nəticədən sonra “Turan Tovuz” xallarının sayını 30-a çatdıraraq turnir cədvəlində üçüncü sıraya yüksəlib. Hazırda turnir cədvəlinə 37 xalla “Sabah” başçılıq edir. “Qarabağ” isə Abşeron təmsilçisindən 1 xal az toplayaraq ikinci yerdə qərarlaşıb.