12 milyardlıq neft mərkəzi - tikiləcək
İqtisadiyyat
Qərbi Afrika ölkəsi Qanada neft və qaz sektoru üçün 12 milyard dollarlıq inqilabi neft mərkəzinin tikintisinə başlanılıb.
News24.az xəbər verir ki, bu baradə milli mətbuatda məlumat yayılıb.
Ölkənin Qərb əyalətinin Comorov bölgəsində tikiləcək neft mərkəzinin təməlqoyma mərasimində Qana prezidenti Nana Akufo-Addo və energetika üzrə dövlət naziri Herbet Krappa, eləcə də çoxlu sayda qonaq iştirak edib.
Akufo-Addo buradakı çıxışında layihənin şaxələndirilmiş, səmərəli və maliyyə cəhətdən dayanıqlı enerji təmin etmək vizyonu ilə uyğunlaşdığını bildirib.
Layihənin ölkənin inkişafına kömək edəcəyini vurğulayan Akufo-Addo, "Afrikada xam neft və neft məhsulları qiymətləri üçün etalon olacaq bir obyekt nəzərdə tuturuq" dedi.
Eyni zamanda, Akufo-Addo, 12 milyard dollarlıq neft mərkəzi layihəsinin təxminən 780 min birbaşa və dolayı iş yerinin yaradılmasının gözlənildiyinə diqqət çəkib.
Krappa qeyd edib ki, mərkəz Qananın enerji ehtiyaclarını davamlı şəkildə ödəyəcək.
Qeyd edək ki, ölkədə tikiləcək neft mərkəzinə sutkada 300 min barel neft emalı zavodu, neft-kimya obyekti, geniş anbar və liman qurğuları daxil olacaq.
Qana hazırda gündə 132 min barel xam neft və təxminən 325 milyon standart kub fut təbii qaz istehsal edir.
Günel Məlikzadə