"Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi 300 milyon dollara çata bilər" - Millət vəkili

"Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi 300 milyon dollara çata bilər" - Millət vəkili İqtisadiyyat

Bu ilin I rübündə Azərbaycan Ermənistana təxminən 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu barədə məlumat Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabatında əks olunub.

Hesabata əsasən, eyni dövrdə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri cəmi 960 ABŞ dolları təşkil edib.

News24.az mövcud göstəricilər fonunda regionda iqtisadi əlaqələrin vəziyyəti, ticarət dövriyyəsinin perspektivləri və sülh prosesinin iqtisadi əməkdaşlığa mümkün təsiri ilə bağlı Azərbaycanın VI və VII çağırış deputatı, iqtisadçı ekspert Vüqar Bayramovun fikirlərini öyrənib.

Ekspert bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atır:

"Ermənistana enerji məhsullarının ixracının həyata keçirilməsi və Azərbaycan ərazisindən bu ölkəyə yüklərin daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ölkəmizin regionda sülhə verdiyi töhfənin bariz nümunəsidir. Bu addımlar qarşılıqlı etimadın formalaşmasına və əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir".

Vüqar Bayramov Zəngəzur dəhlizinin istifadəyə verilməsi və ümumilikdə nəqliyyat-kommunikasiya xətlərinin bərpasının xüsusi əhəmiyyətindən danışıb. O, gələcəkdə iki ölkə arasındakı ticarət dövriyyəsinin 300 milyon dollara çata biləcəyini də vurğulayıb:

"Bu proses təkcə Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə regionda iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına şərait yaradacaq. Aparılan qiymətləndirmələr göstərir ki, iki ölkə arasında 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu isə iqtisadi əlaqələr tam bərpa olunduğu təqdirdə, ticarət dövriyyəsinin təxminən 300 milyon dollar həcmində formalaşa biləcəyini göstərir".

Vüqar Bayramov əlavə edib ki, Zəngəzur dəhlizinin açılması region üzərindən beynəlxalq yükdaşımaların artmasına, tranzit imkanlarının genişlənməsinə və iştirakçı ölkələrin əlavə gəlir əldə etməsinə şərait yaradacaq.

"Bu təşəbbüslər həm regionda dayanıqlı sülhün təmin olunmasına, həm də iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verə bilər",- deyə ekspert sonda qeyd edib.

Gülçin Abdullayeva