Bank kartları ilə ödəniş edənlərin nəzərinə! Bu qərar hər kəsə təsir edəcək

Bank kartları ilə ödəniş edənlərin nəzərinə! Bu qərar hər kəsə təsir edəcək İqtisadiyyat

Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync (xidmət haqqı tarifləri) üzrə yuxarı hədd təsdiqlənib. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə MCC kodlar üzrə aparılan əməliyyatlarda interçeync tariflərinin yuxarı həddi dəyişməz saxlanılıb.

Belə ki, aptek və ərzaq mağazaları (supermarketlər) üzrə bu göstərici 1,25%, yanacaq (petrol) kateqoriyası üzrə 0,75%, ümumi (general) kateqoriya üzrə isə 1,5% səviyyəsində müəyyən edilib.

Bu qərar kommersiya banklarının və ödəniş sistemlərinin tətbiq etdiyi xidmət haqlarına və ümumilikdə bazar tariflərinə hansı istiqamətdə təsir göstərə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, istənilən halda Mərkəzi Bankın səlahiyyətləri konkret çərçivələrlə məhdudlaşır və bu qurum yalnız özünün təqdim etdiyi xidmətlər üzrə müəyyən limitlər tətbiq edə bilər:

"Mərkəzi Bank heç bir halda kommersiya banklarının əməliyyatları üzrə birbaşa şəkildə yüksək faiz dərəcələri və ya xidmət haqları müəyyən edə bilməz. Bu məsələ qanunvericiliklə də açıq şəkildə tənzimlənir. Belə ki, “Banklar haqqında” qanuna əsasən, ölkədə fəaliyyət göstərən banklar öz xidmət haqlarını, komissiya məbləğlərini və digər tariflərini müstəqil şəkildə müəyyənləşdirir və bu sahədə sərbəst qərar vermək hüququna malikdirlər".

Hüquqşünas qeyd edib ki, buna baxmayaraq, Mərkəzi Bankın qərarları bazara dolayı təsir göstərə bilər:

"Xüsusilə, əgər Mərkəzi Bank ödəniş xidmətləri üzrə banklardan daha aşağı məbləğlər tələb edirsə, bu, bazarda müəyyən tendensiya formalaşdıra bilər. Belə vəziyyətdə kommersiya bankları da rəqabət mühitini nəzərə alaraq, müştəriləri cəlb etmək və mövqelərini qorumaq üçün xidmət haqlarını tədricən azaltmağa meyil göstərə bilərlər. Bu təsir birbaşa inzibati qərar kimi yox, daha çox bazar mexanizmləri və rəqabət prinsipləri vasitəsilə özünü göstərir. Yəni Mərkəzi Bankın atdığı addımlar bank sektorunda müəyyən istiqamət yaratsa da, bu, avtomatik olaraq bütün bankların tarifləri azaltması anlamına gəlmir və hər bir bank yenə də öz kommersiya maraqlarına uyğun qərar verir".

Qeyd edək ki, sənədə əsasən, təsdiq edilən yeni tariflər 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək. Qərar qüvvəyə mindikdən sonra müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə təqdim ediləcək.