Banklardan kredit götürmək istəyənlərin nəzərinə: Faizlər enəcək
İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 6,5%-ə endirmək qərarı qəbul edib. Eyni zamanda, faiz dəhlizinin aşağı həddi 5,75%-dən 5,5%-ə, yuxarı həddi isə 7,75%-dən 7,5%-ə endirilib.
AMB-dən bildirilib ki, faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən həm faktiki, həm də proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) nəzərə alınıb. Həmçinin qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyllər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü də əsas götürülüb.
Bəs uçot dərəcəsinin azalması bank kreditlərinə necə təsir göstərəcək? Faizlər həqiqətən ucuzlaşacaq, yoxsa bu dəyişikliklər yalnız rəsmi kağız üzərində qalacaq?
Mövzu ilə bağlı News24.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, ümumilikdə Azərbaycanda uçot dərəcəsi bank sektoruna ciddi və birbaşa təsir mexanizminə malik deyil:
"Uzun illər bu alət daha çox formal xarakter daşıyıb, lakin son dövrlərdə müəyyən qədər təsir etməyə başlayıb. Belə ki, uçot dərəcəsinin təsiri qismən hiss olunur, amma bu, çox cüzidir. Adətən uçot dərəcəsi inflyasiyanın aşağı olduğu dövrlərdə endirilir. Hazırda Mərkəzi Bankın əsas məqsədi ölkədə iqtisadi aktivliyi stimullaşdırmaqdır. Bu isə əhalini və biznesi kredit götürməyə təşviq etməklə həyata keçirilir”.
Ekspert qeyd edib ki, nəzəri baxımdan uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditlərin faizini ifadə edir:
"Bu dərəcə aşağı salındıqda banklar Mərkəzi Bankdan daha ucuz maliyyə resursu əldə edir və nəticədə banklararası kredit bazarında faizlərin enməsi gözlənilir. Normal iqtisadi mexanizmə görə, banklararası kreditlərin faizləri aşağı düşməli, bunun ardınca isə müştərilərə təqdim olunan kreditlərin faizlərində də azalma baş verməlidir. Bu halda uçot dərəcəsinin kredit bazarına müəyyən təsiri mövcuddur. Xüsusilə uzunmüddətli perspektivdə bu qərarın kredit şərtlərinə yumşaldıcı təsir göstərəcəyi istisna edilmir”.