Dollarla bağlı gözlənilməz xəbər

Dollarla bağlı gözlənilməz xəbər İqtisadiyyat

Yaxın Şərqdə artan gərginlik fonunda dolların məzənnəsi zəifləyib.

News24.az xəbər verir ki, dollar indeksi yeni həftəyə 100 bənd səviyyəsinə yaxınlaşaraq ötən həftə qazandığı mövqeləri itirib.

Ekspertlər bunu ABŞ-ın Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiya yaratmağa hazırlaşması ilə izah edir. Bu addım bazarlarda təhlükəsiz valyutaya tələbi azaldıb.

Məlumata görə, Yaxın Şərqdə münaqişənin üçüncü həftəsinə daxil olunması fonunda bazarlar həmçinin ABŞ və İran arasında mümkün danışıqlar perspektivini qiymətləndirir. ABŞ İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xarq adasındakı hərbi obyektlərə zərbələr endirsə də və Tehran Hörmüz boğazı ilə bağlı təhdidlər səsləndirsə də, neft qiymətləri nisbətən sabit qalıb.

Buna baxmayaraq, enerji qiymətlərindəki artım inflyasiya narahatlıqlarını gücləndirib. Bu isə ABŞ Federal Ehtiyat Sistemi (FES) tərəfindən faiz endiriminə dair gözləntiləri zəiflədib və dolların daha geniş itkilərinin qarşısını alıb.

Hazırda bazar iştirakçılarının diqqəti FES-in sədri Cerom Pauellin açıqlamalarına və qurumun faiz siyasəti ilə bağlı növbəti qərarlarına yönəlib. (NTV)