Kartofla qıtlığı ilə bağlı həyəcan təbili: Ciddi təhlükə var

 Kartofla qıtlığı ilə bağlı həyəcan təbili: Ciddi təhlükə var İqtisadiyyat

Kənd təsərrüfatı sektorunda mövcud problemlər, xüsusilə kartof istehsalında müşahidə olunan azalma və fermerlərin üzləşdiyi çətinliklər Milli Məclisdə də müzakirə olunub. İqlim dəyişikliyi, keyfiyyətli toxum təminatındakı problemlər, xəstəliklərin yayılması və aqrar sahəyə diqqətin yetərsiz olması məhsuldarlığa ciddi təsir göstərir. Qeyd olunur ki, kəndlərdə kartof yetişdirilməsi ilə bağlı problemlər getdikcə dərinləşir, istehsal azalır və fermerlərin vəziyyəti ağırlaşır.

Bəs kartof istehsalında geriləmənin əsas səbəbləri nədir vəproblemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı News24.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, bu sahədə mövcud problemlər uzun illərdir davam edir və onların həlli istiqamətində ciddi addımlar atılmır:

"Statistik göstəricilər kartof istehsalında azalma olduğunu göstərir. Belə ki, 2007-ci ildə adambaşına düşən illik kartof istehsalı 91 kiloqram olduğu halda, hazırda bu göstərici 76 kiloqrama qədər azalıb. Azərbaycanda uzun illərdir seleksiya işlərinə lazımi diqqət göstərilmir. Keyfiyyətli və məhsuldar toxumların yetişdirilməsi, yeni sortların əldə olunması istiqamətində işlərin zəif aparılması aqrar sektorun inkişafına ciddi maneələr yaradır".

Ekspertin sözlərinə görə, keyfiyyətsiz toxumlardan istifadə məhsuldarlığın aşağı düşməsinə, məhsulun keyfiyyətinin pisləşməsinə və rəqabət qabiliyyətinin azalmasına səbəb olur:

"Eyni zamanda, belə toxumlar bitkilərin xəstəliklərə, zərərvericilərə və müxtəlif stres amillərinə qarşı davamlılığını zəiflədir. Xüsusilə son dövrlərdə kartof sahələrində fitoftoroz xəstəliyi geniş yayılıb. Fermerlər xəstəliklə mübarizə aparmaq üçün müxtəlif dərman preparatlarından istifadə etsələr də, əksər hallarda istənilən nəticəni əldə edə bilmirlər. Bu problem ölkənin əsas kartofçuluq rayonlarında daha geniş müşahidə olunur və bəzi fermerlər əkdikləri toxumun çəkisi qədər belə məhsul götürə bilmirlər".

V.Məhərrəmli hesab edir ki, kənd təsərrüfatında problemlər yalnız kartof istehsalı ilə məhdudlaşmır, digər sahələrdə də ciddi çətinliklər mövcuddur. Onun sözlərinə görə, mövcud problemlərin həlli əvəzinə, bəzi hallarda onların aradan qaldırılması üçün nəzərdə tutulan müddətlər uzadılır və məsələlər faktiki olaraq təxirə salınır.

"Seleksiya, toxumçuluq, bitki xəstəlikləri ilə mübarizə və məhsuldarlığın artırılması istiqamətində sistemli iş aparılmadığı müddətdə kənd təsərrüfatında mövcud problemlər davam edəcək. Gələcək məhsulun əldə olunması üçün toxum təminatı və digər hazırlıq işləri əvvəlcədən həyata keçirilməlidir".