Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar: Kredit faizləri azalacaq?
İqtisadiyyat
Dekabrın 10-da Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini – kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsini – 6,75 faizə endirib. 2025-ci il isə 7,25 faizlə başlamışdı.
Qeyd edək ki, maksimum uçot dərəcəsi tarixdə belə olub: 2007 və 2018-ci illərdə 13 faiz; 2008, 2016 və 2017-ci illərdə 15 faiz; 2009 və 2012-ci illərdə 5 faiz; 2010 və 2015-ci illərdə 3 faiz; 2011-ci ildə 5,25 faiz; 2013-cü ildə 4,75 faiz; 2014-cü ildə 4,25 faiz; 2019-cu ildə 9,25 faiz; 2020 və 2021-ci illərdə 7,25 faiz; 2022-ci ildə 8,25 faiz; 2023-cü ildə 9 faiz; 2024-cü ildə isə 7,75 faiz.
Maraqlıdır, uçot dərəcəsinin 6,75 faizə endirilməsi bank kreditləşməsinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı News24.az-a danışan Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, uçot dərəcəsi əslində valyutanın dəyərini göstərən mühüm göstəricidir:
“Uçot dərəcəsi manatın dövlət tərəfindən banklara hansı qiymətə satıldığını göstərir. Bu, bir növ dövlətin müəyyən etdiyi marjadır. Bir çox ölkələrdə mərkəzi banklar kommersiya banklarına ucuz və ya baha likvidlik verərək bazara birbaşa təsir göstərir. Yəni uçot dərəcəsi artırılanda kommersiya kreditləri bahalaşır, azaldılanda isə ucuzlaşır. Çünki Mərkəzi Bank həmin kreditlər üçün banklara pul verir. Prosesin belə davam etdiyi müddətcə kredit faizlərində hələ ki hər hansı azalma və ya dəyişikliyin müşahidə ediləcəyini demək çətindir".
Akif Nəsirli əlavə edib ki, Azərbaycan modeli bu klassik mexanizmdən fərqlənir. Burada Mərkəzi Bank kommersiya banklarına faktiki olaraq donorluq etmir, yəni onların istehlak və biznes kreditlərini qarşılamaq üçün mütəmadi vəsait satmır.
“Bu səbəbdən uçot dərəcəsinin artırılıb-azaldılması bazarda gözlənilən səviyyədə təsir yaratmır. Azərbaycanda kommersiya bankları əsasən öz daxili resursları, depozitlər və digər mənbələrlə kredit xətti formalaşdırır. Dövlətin onlara ucuz pul təklif etməməsi səbəbindən uçot dərəcəsindəki dəyişiklik onlara ciddi siqnal vermir. Bu da kredit faizlərinə, bazarın likvidliyinə və ümumi maliyyə davranışına çox məhdud təsir göstərir".
Onun fikrincə, digər ölkələrdə uçot dərəcəsi təkcə kredit siyasətini deyil, həm də inflyasiya gözləntilərini, sərmayə axınlarını və əhalinin borclanma imkanlarını ciddi şəkildə dəyişdirə bilir. Azərbaycanda isə bu mexanizmin təsiri daha zəif olduğundan uçot dərəcəsindəki dəyişikliyin genişmiqyaslı nəticələr doğurması gözlənilmir.