Neft qiymətləri son həddə çatdı: Azərbaycana əlavə qazanc gətirəcək?
İqtisadiyyat
ABŞ-İsrail-İran xəttində artan hərbi-siyasi gərginlik qlobal enerji bazarlarına da təsirsiz ötüşməyib. Regionda davam edən qarşıdurma fonunda neft qiymətləri kəskin yüksələrək son ayların ən yüksək səviyyəsinə çatıb.
Beynəlxalq birjalarda “qara qızıl”ın qiyməti artaraq bir barel üzrə 80 dollar həddinə çatıb. Analitiklər bildirirlər ki, Yaxın Şərqdə mümkün genişmiqyaslı müharibə riski və enerji infrastrukturu ilə bağlı təhlükəsizlik narahatlıqları bazarda təkliflə bağlı riskləri artırır.
Xüsusilə İranın regionda mühüm enerji oyunçusu olması və Hörmüz boğazı ətrafında potensial risklərin artması bazarlarda həssaslığı daha da gücləndirib. Mütəxəssislərin fikrincə, əgər hərbi əməliyyatlar genişlənərsə və ya enerji daşımalarına birbaşa təsir edərsə, qiymətlərdə əlavə artım dalğası müşahidə oluna bilər.
Məsələ ilə bağlı News24.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, birjaların cümə günü bağlanarkən formalaşan qiymətlərlə müqayisədə hazırda dünya bazarında neft qiymətləri orta hesabla təxminən 8 faiz artıb. Onun sözlərinə görə, hazırda neft bir barel üçün 78 dollardan bir qədər baha qiymətə təklif olunur və qiymət artımı birbaşa olaraq ixracatçı ölkələrin gəlirlərinə təsir göstərir:
“Azərbaycan gündəlik təxminən 540–550 min barel həcmində neft ixrac edir. Ancaq ölkə hər gün tanker yola salmır, çünki ixrac həcmləri o qədər böyük deyil. Adətən gün yarımdan bir və ya iki gündə bir tanker yola salınır. Əgər satış zamanı qiymət əvvəlki günlə müqayisədə 1 dollar baha olarsa, bu o deməkdir ki, ölkə üzrə əlavə olaraq təxminən 540–550 min dollar əlavə gəlir formalaşır. Əksinə, qiymət aşağı olarsa, gəlirdə də eyni həcmdə azalma baş verir”.
Ekspert vurğulayıb ki, qiymət artımının büdcəyə real təsirini hesablamaq üçün artımın miqyası nəzərə alınmalıdır:
“Əgər qiymət 3, 5, 7 və ya 10 dollar artarsa, bunu ixrac həcminə vurmaq lazımdır. Məsələn, 5 dollarlıq artım gündəlik təxminən 2,7 milyon dollara yaxın əlavə gəlir deməkdir. 10 dollarlıq artım isə bu rəqəmi ikiqat yüksəldə bilər. Amma bu, qısamüddətli dalğalanmadırsa, təsiri də məhdud olacaq. Hazırkı artım əsasən İran–İsrail–ABŞ xəttində artan gərginliklə bağlı risk faktorları ilə əlaqədardır və bazar daha çox geosiyasi xəbərlərə reaksiya verir".
Ekspert hesab edir ki, Azərbaycan üçün əsas məsələ qiymət artımının davamlı olub-olmamasıdır. Çünki uzunmüddətli yüksək qiymətlər dövlət büdcəsi və valyuta daxilolmaları baxımından müsbət təsir göstərsə də, qısamüddətli sıçrayışlar daha çox bazar psixologiyası ilə bağlı olur və sabit gəlir artımı yaratmır.