Qiymət artımı yerli istehsalın genişləndirilməsini zəruri edir - Məmməd Musayev

Qiymət artımı yerli istehsalın genişləndirilməsini zəruri edir - Məmməd Musayev İqtisadiyyat

"Azərbaycanda məşğul əhalinin təxminən 35 faizi birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır. Kənd təsərrüfatı və emal sahələrinin qeyri-neft ÜDM-də payı isə artıq 10 faizə yaxınlaşmaqdadır. Bu göstəricilər aqrar sektorun ölkə iqtisadiyyatında mühüm rol oynadığını təsdiqləyir".

News24.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

O bildirib ki, qlobal qeyri-sabitlik, regional münaqişələr və iqlim dəyişiklikləri fonunda qida təhlükəsizliyi strateji prioritetə çevrilib:

"2025-ci il 1 oktyabr tarixinə olan məlumata əsasən, ölkədə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13 minə yaxın kommersiya təşkilatı fəaliyyət göstərir. Onlardan 26-sı iri, 175-i orta, 417-si kiçik, təxminən 12 mini isə mikro sahibkarlıq subyektləridir. Bununla yanaşı, kredit təşkilatlarının ümumi portfelində aqrar sektorun payı cəmi 1,8 faiz və ya 571 milyon manat təşkil edir. Bu fakt kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində maliyyə resurslarına çıxışın məhdud olduğunu və əlavə maliyyə alətlərinə ehtiyac yarandığını göstərir".

Onun sözlərinə görə, dünya üzrə qida məhsullarının qiymətlərində artım tendensiyası davam edir:

"Bu şəraitdə Azərbaycanın daxili tələbatını ödəmək və xarici asılılığı azaltmaq üçün yerli istehsalın genişləndirilməsi, xüsusilə xammal istehsalından emal mərhələsinə keçidin sürətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkə daxilində qida məhsullarının istehsalı üzrə tam dəyər zəncirinin – toxumdan son istehlaka qədər istehsal, emal, logistika, qablaşdırma, markalanma və brendləşmə mərhələlərini əhatə edən kompleks yanaşmanın formalaşdırılması vacibdir. Məhz bu yanaşma məhsulun əlavə dəyərini artırmaqla yanaşı, ixrac potensialını da genişləndirir".

Məmməd Musayev qeyd edib ki, Azərbaycan sahibkarları artıq Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələri daxil olmaqla bir sıra xarici bazarlara məhsullarını uğurla ixrac edirlər:

"Bu bazarlarda “Made in Azerbaijan” brendinə olan etimadın ildən-ilə artması ölkənin ixrac imkanlarının genişləndiyini göstərir. Azərbaycan Sahibkarlar Konfederasiyası Türk Ticarət və Sənaye Palatasında, eləcə də İslam Ticarət və İnkişaf Palatasında ölkənin özəl sektorunu təmsil edərək sahibkarların yeni bazarlara çıxışına institusional dəstək verir. Xüsusilə cari ilin fevral ayında Məkkə şəhərində keçirilən Halal Qida sərgi-forumunda Azərbaycan məhsullarına göstərilən yüksək maraq bu potensialı bir daha təsdiqləyib. Eyni zamanda, Azərbaycan Sahibkarlar Konfederasiyası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində olan qurumlarla sıx və konstruktiv əməkdaşlıq həyata keçirir. Aqrar sektorda fiskal tənzimləmələrin təkmilləşdirilməsi, maliyyə resurslarına çıxışın genişləndirilməsi və mövcud problemlərin operativ həlli məqsədilə daimi dialoqa xüsusi önəm verilir. Nazirliyin rəhbərliyinin sahibkarlarla açıq dialoqa hazır olması və birgə həll mexanizmlərinin axtarılması biznes ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilir.

Bu baxımdan keçirilən tədbirlər yeni ideyaların, praktik təşəbbüslərin və səmərəli əməkdaşlıq formatlarının formalaşmasına mühüm töhfə verən institusional platforma kimi dəyərləndirilir".