Sahibkarların nəzərinə! - Ali Məhkəmədən beynəlxalq yükdaşımalarla bağlı açıqlama

Sahibkarların nəzərinə! - Ali Məhkəmədən beynəlxalq yükdaşımalarla bağlı açıqlama İqtisadiyyat

Beynəlxalq yük daşınması zamanı yükün zədələnməsi və ya məhv olması ilə bağlı mübahisələrdə əsas məsələlərdən biri yük göndərənin və daşıyıcının kimliyinin düzgün müəyyən edilməsidir.

News24.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin son qərarlarından birində bu məsələlərlə bağlı mühüm hüquqi mövqe ifadə olunub.

Mübahisənin mahiyyəti

İş üzrə iddiaçı bildirmişdir ki, cavabdeh hüquqi şəxsin sürücüsü ilə əldə olunmuş şifahi razılaşmaya əsasən ona məxsus xurma məhsulu Rusiyaya daşınmalı idi. Daşınma zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində məhsul yararsız hala düşmüş və iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etmişdir.

Lakin yükün daşınmasına dair rəsmi sənədlərdə – gömrük bəyannaməsində və beynəlxalq yük qaiməsində (CMR) yük göndərən qismində başqa şəxs, daşıyıcı qismində isə hüquqi şəxs göstərilmişdir. Məhz bu ziddiyyət məhkəmə mübahisəsinin əsasını təşkil etmişdir.

Ali Məhkəmənin mövqeyi

Ali Məhkəmə bu qərarında bir daha qeyd etmişdir ki, kommersiya münasibətlərinin spesifik xüsusiyyətləri (daha sistemli, mürəkkəb, gəliryönümli və yüksək riskli olması) bu münasibətlərdən irəli gələn mübahisələrdə sübutetmə standartlarının daha yüksək olmasını zəruri edir. Belə münasibətlərdə adətən “yazılı sübutların prioritetliyi” prinsipi əsas götürülməklə, xüsusilə yazılı sənədlərin (müqavilə və sair) sübut qüvvəsi daha yüksək və etibarlı hesab olunur.

Qeyd olunanlar baxımdan, yük daşınması müqaviləsindən irəli gələn mübahisələr üzrə tərəflər arasında bağlanmış yazılı müqavilənin, daşıma sənədlərinin, xüsusilə qaimənin hüquqi əhəmiyyəti xüsusi vurğulanmalıdır. Qanunvericiliyə görə, qaimə əksi sübuta yetirilmədikcə

⦁ yük göndərənlə daşıyıcı arasında müqavilənin mövcudluğunu;

⦁ yükün daşıyıcı tərəfindən qəbul edilməsini;

⦁ yükün kim tərəfindən göndərildiyini;

⦁ daşıyıcının kim olduğunu təsdiq edən əsas sənəd hesab edilir.

Yük göndərən kim hesab olunur?

Mülki Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən dedikdə adından yük göndərilməsi rəsmiləşdirilən şəxs başa düşülür. Başqa sözlə, əgər qaimədə və gömrük sənədlərində müəyyən şəxs yük göndərən kimi göstərilibsə, ilkin hüquqi qiymətləndirmədə məhz həmin şəxs yük göndərən hesab edilir.

Baxılan işdə yük göndərən kimi iddiaçı tələb irəli sürsə də, işin materiallarında olan daşıma sənədlərində (gömrük bəyannaməsi və qaimə) yük göndərən qismində, həmçinin yükü alanla bağlanmış alqı-satqı müqaviləsində satıcı qismində başqa şəxsin adı qeyd olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli yükü müvafiq dövlət orqanlarına bəyan etməklə ölkə xaricinə çıxaran və həmin məhsula görə ölkəyə valyuta gətirməli olan şəxs də yük göndərəndir. Bu səbəbdən faktiki münasibətlər barədə yalnız şifahi izahatlarla, rəsmi sənədlərin məzmununu kənara qoymaq mümkün deyil.

Bu baxımdan, yükün daşınmasına dair rəsmi sənədlərdə adı qeyd olunan şəxs məhkəmə prosesinə cəlb edilmədən, faktiki yük göndərən olduğunu bildirən iddiaçı ilə həmin şəxs arasındakı münasibətlərin hüquqi xarakteri (təmsilçilik, tapşırıq, komissiya və sair) üzrə hər hansı hüquqi qiymətləndirmə aparılmadan, yalnız tərəflərin izahatları əsasında, rəsmi sənədlərdə adı göstərilən şəxsin bu münasibətlərə hər hansı aidiyyətinin olmaması, formal yük göndərən olması, faktiki yük göndərənin isə iddiaçı olmasına dair gəlinən nəticə, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarının, eləcə də MPM-nin 81-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 81-ci maddəsi).

Daşıyıcı kim hesab olunur?

Daşıyıcının müəyyən edilməsi məsələsində də Ali Məhkəmə rəsmi sənədlərə istinadla qeyd etmişdir ki, daşıyıcı kimi göstərilən hüquqi şəxsin statusunu yalnız ehtimal edilən işgüzar praktikalara istinad etməklə inkar etmək olmaz. Məhkəmənin tərəflər arasında konkret məzmunda işgüzar praktikanın mövcud olması qənaətinə gəlinməsi və mübahisənin həmin praktikaya istinadla həll edilməsi üçün, işin materiallarında, müvafiq praktikanın mövcudluğunu təsdiq edən “əsaslı şübhələr yaratmayan” sübutlar olmalı, mübahisəsiz halda tərəflər həmin praktikaya istinadla hərəkət etməlidirlər. Bundan sonra, mübahisə halında məhkəmə məhz həmin mübahisəsiz vəziyyətdə, tərəflərin davranışına əsasən formalaşmış işgüzar praktikanı əsas götürməklə, mübahisəli hala qiymət vermək imkanına malik ola bilər.

Baxılan işdə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış, işgüzar praktikanın formalaşmasını təsdiq edən, tərəflərin mübahisələndirmədən məqbul saydığı, mötəbər sübutlar təqdim edilməmişdir.

Ali Məhkəmə nəticə etibarilə belə qənaətə gəlmişdir ki, beynəlxalq yük daşınması ilə bağlı mübahisələrdə yük göndərənin və daşıyıcının müəyyən edilməsi ilk növbədə rəsmi daşıma sənədləri əsasında aparılmalı, həmin sənədlərdə göstərilən şəxslərin hüquqi statusu ilə bağlı zəruri hüquqi qiymətləndirmə aparılmalı və yalnız bundan sonra məsuliyyət məsələsinə qiymət verilməlidir.

Sahibkarlar üçün hüquqi tövsiyələr:

Yük daşınması sahəsində hüquqların effektiv müdafiəsi üçün münasibətlərin düzgün sənədləşdirilməsi əsas şərtdir. Yük daşınması zamanı yalnız şifahi razılaşmalarla kifayətlənmək, sənədlərdə başqa şəxslərin adından istifadə etmək və ya daşıma sənədlərinin düzgün rəsmiləşdirilməsinə diqqət yetirməmək sonradan hüquqların müdafiəsini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Beynəlxalq yük daşınması münasibətlərində hüquqların etibarlı müdafiəsinin əsas təminatı düzgün və şəffaf sənədləşdirmədir.