"ChatGPT" həkimləri səhv çıxardı
Maraqlı
Uelsdə yaşayan Fibi Tesorye adlı qadın illərlə əziyyət çəkdiyi ağır xəstəliyin diaqnozunu süni intellekt vasitəsilə öyrənib.
News24.az xəbər verir ki, tibbi mütəxəssislər dörd il ərzində F.Tesoryenin simptomlarını yanlış olaraq psixoloji narahatlıq kimi qiymətləndiriblər. Vəziyyəti sürətlə ağırlaşmağa başlayan qadın çarəni "ChatGPT" proqramına müraciət etməkdə görüb.
Ayaqlarda sərtlik, əzələ zəifliyi və saç tökülməsi kimi simptomları sistemə daxil edən qadına süni intellekt nadir irsi xəstəlik olan irsi spastik paraplegiya ehtimalını irəli sürüb. Araşdırmasının nəticələri ilə həkimə müraciət edən Fibi genetik test tələb edib.
Analizlər nəticəsində diaqnoz təsdiqlənib. Fibidə kompleks kvadriplegik formaya malik irsi spastik paraplegiya aşkarlanıb. Bu, bütün ətrafların əzələlərini tədricən zədələyən olduqca nadir bir xəstəlikdir.
F.Tesorye bildirib ki, bundan əvvəl dörd il ərzində ona səhv diaqnozlar qoyulub. Xəstəlik proqressiv xarakter daşıdığı üçün artıq təkcə ayaqları deyil, qolları da zədələməyə başlayıb. Bu səbəbdən o, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllimlik fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.