"iPhone" işlədənlərin nəzərinə - Sistemi təcili yeniləyin

"iPhone" işlədənlərin nəzərinə - Sistemi təcili yeniləyin Maraqlı

“Apple” şirkəti gözlənilmədən “iOS 26.4.2” və “iOS 18.7.8” əməliyyat sistemi yeniləmələrini istifadəyə verib.

News24.az xəbər verir ki, bu yeniləmələr CVE-2026-28950 kodlu kritik təhlükəsizlik boşluğunu aradan qaldırır. Sözügedən boşluq ABŞ Federal Təhqiqat Bürosuna (FTB) cihazdan silinmiş bildirişlərə çıxış imkanı yaradırdı.

Yeniləmə FTB-nin şübhəli şəxsə məxsus “iPhone”dan “Signal” messencerindəki yazışmaları əldə edə bilməsi barədə məlumatlardan dərhal sonra yayımlanıb. Araşdırmalar göstərib ki, FTB mesajları “Signal”ın şifrələnmiş yaddaşından deyil, məhz sistem bildirişlərindən (push notifications) əldə edib. Belə ki, tətbiq silinsə də, daxil olan mesajların məzmunu bildiriş tarixçəsində qalaraq cihazın yaddaşında saxlanılıb.

Şirkətin rəsmi açıqlamasına görə, problem iOS və iPadOS-da bildiriş xidmətlərini əhatə edib. Yeniləmə ilə istifadəçi məlumatlarının gizliliyini təmin edən təkmilləşdirilmiş müdafiə mexanizmi tətbiq olunub. Lakin “Apple” boşluğun texniki təfərrüatları və silinmiş bildirişlərin bərpa müddəti barədə detalları açıqlamayıb.